DÜNYA
Yaponiya, ABŞ, Avstraliya və Hindistan Hind-Sakit okean regionunda təhlükəsizliyi birlikdə təmin etməyə çalışacaqlar
Tokio, 13 mart, AZƏRTAC
Yaponiya, ABŞ, Avstraliya və Hindistan Təhlükəsizlik barədə dördtərəfli dialoqa (QUAD) müvafiq olaraq Hind-Sakit okean regionunda və ondan kənarda yarana biləcək təhlükələrə qarşı birlikdə mübarizə aparmaq niyyətindədirlər.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə QUAD liderlərinin virtual formatda keçirilmiş danışıqlarının yekununda qəbul edilən bəyanatda bildirilir.
Bəyanatın mətnində deyilir: “Biz hamımız birlikdə Hind-Sakit okean regionunda və onun hüdudlarından kənarda beynəlxalq hüquqa və qaydalara əsaslanan azad və açıq, təhdidlərdən uzaq münasibətlərin formalaşmasına sadiqik. Biz qanunun aliliyi, gəmiçiliyin və uçuşların sərbəstliyi, mübahisələrin sülh yolu ilə həlli, demokratik dəyərlər və ərazi bütövlüyü prinsiplərini dəstəkləyirik”.
Sənəddə, həmçinin bildirilir ki, Yaponiya, ABŞ, Avstraliya və Hindistan pandemiyaya və iqlim dəyişmələrinə qarşı mübarizədə əməkdaşlığı möhkəmləndirmək niyyətindədir.
“Bu gün təhlükəsizliklə bağlı məsələlər, o cümlədən koronavirusun dağıdıcı qlobal çağırışları, iqlim dəyişmələri və region qarşısında duran ümumi təhdidlər bizi yeni ümumi məqsədlər ətrafında birləşdirir. Biz zamanın çağırışlarını həll edəcək qərarları qəbul etmək üçün əməkdaşlığı möhkəmləndirmək öhdəliyini üzərimizə götürürük”, - deyə bəyanatda deyilir.
Bununla yanaşı, dördlüyə daxil olan dövlətlər Şərqi Çin və Cənubi Çin dənizlərində ortaya çıxan çağırışlara cavab vermək niyyətində olduqlarını da bəyan edirlər. Sənədə əsasən, üzv dövlətlər Koreya Xalq Demokratik Respublikasının nüvə proqramının tam dayandırılmasına da çağırırlar.
Xatırladaq ki, Təhlükəsizlik barədə dördtərəfli dialoq 2007-ci ildə fəaliyyətə başlayıb. Bu mexanizm Asiya-Sakit okean regionunda və Hind okeanı zonasında Vaşinqton, Tokio, Kanberra və Nyu-Delinin birgə fəaliyyətini nəzərdə tutur. Yaponiya, ABŞ, Avstraliya və Hindistanın xarici işlər nazirlərinin dördtərəfli formatda ilk görüşü 2019-cu ilin sentyabrında Nyu-Yorkda baş tutub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio