YAPONİYA AZƏRBAYCANIN ETİBARLI TƏRƏFDAŞIDIR
Fevralın 24-də Milli Məclisin sədri Murtuz Ələsgərov Yaponiya xarici işlər nazirinin birinci müavini Tetsuro Yano başda olmaqla bu ölkənin xarici siyasət idarəsinin nümayəndə heyətini qəbul etmişdir.
Səmimlik və dostluq şəraitində keçən söhbətdə Milli Məclisin sədri Yaponiya xarici işlər nazirinin birinci müavininin ölkəmizə səfərini ikitərəfli əlaqələrin inkişafında yeni mərhələ kimi qiymətləndirdi. O dedi ki, Azərbaycanla Yaponiya arasında iqtisadi əməkdaşlıq dinamik inkişaf edir. Yaponiyanın iri şirkətləri respublikamızın karbohidrogen ehtiyatlarının işlənilməsində fəal iştirak edir, iqtisadiyyatımızın digər sahələrinə də sərmayə qoyurlar. Qarşılıqlı surətdə faydalı münasibətlərdəki bütün bu irəliləyişlərin Azərbaycan Prezidenti Heydər Əliyevin Yaponiyaya rəsmi səfərindən sonra yarandığını vurğulayan parlamentin sədri xatırlatdı ki, səfər zamanı Yaponiyanın baş naziri ilə imzalanmış mühüm sənədlər əməkdaşlığın hüquqi əsasını qoymuşdur. Murtuz Ələsgərov xüsusi nəzərə çarpdırdı ki, 25 il əvvəl, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Yaponiya hökumətinin təşəbbüsü ilə Bakıda məişət kondisionerləri zavodu tikilmişdir. O dedi: “Yaxşı olardı ki, siz indi bu müəssisənin yenidənqurulmasında da iştirak edəsiniz”.
Sonra Murtuz Ələsgərov ölkəmizdə həyata keçirilən siyasi, sosial-iqtisadi islahatlar barədə qonaqlara ətraflı məlumat verdi. O bildirdi ki, islahatların aparılması yolunda başlıca maneə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqe tutması üsündən bu münaqişə hələ də həll edilməmiş qalır. Parlamentin sədri Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyinə görə Yaponiya hökumətinə minnətdarlığını bildirdi, Azərbaycanın Xocalı şəhərində ermənilərin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən bəhs olunan kitabı qonaqlara təqdim etdi.
Cənab Tetsuro Yano Bakıda keçirdikləri görüşlər barədə məlumat verərək dedi ki, Yaponiya və Azərbaycan xalqları hələ qədim zamanlardan Böyük İpək yolu vasitəsilə ticarət əlaqələri və mədəni əlaqələr saxlamışlar. Hökumətlərimizin səyləri sayəsində indi ölkələrimiz müxtəlif sahələrdə səmərəli əməkdaşlıq edirlər. Qonaq xüsusi vurğuladı ki, Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya səfərindən sonra ölkələrimiz arasında münasibətlər yeni vüsət almışdır. O dedi ki, qarşılıqlı surətdə faydalı əməkdaşlığın indiki yüksək səviyyəsi gələcəkdə daha mühüm birgə layihələrin həyata keçirilməsinə zəmin yaradır.
Yaponiya xarici işlər nazirinin birinci müavini nəzərə çarpdırdı ki, ölkələrimizin hökumətləri arasında qarşılıqlı fəaliyyəti təkmilləşdirməklə yanaşı, qanunvericilik orqanlarının əməkdaşlığının inkişafına da ciddi diqqət yetirmək lazımdır. O dedi ki, vətənə qayıtdıqdan sonra Azərbaycan parlamenti sədrinin Yaponiyaya səfərinin təşkili məsələsi ilə məşğul olacaqdır.
Qəbulda Yaponiyanın Azərbaycandakı səfiri Toşiyuki Fucivara iştirak edirdi.