Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndələri Radiasiya Problemləri İnstitutunda
Bakı 1 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) nümayəndə heyəti ilə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə direktor, AMEA-nın müxbir üzvü Oqtay Səmədov qonaqlara beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurmasının əhəmiyyət kəsb etdiyini söyləyib.
Sonra “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətin baş mexaniki, texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamov “Günəş panelləri əsasında hibrid günəş ev sisteminin qurulması” layihəsi və bu layihəyə JICA-nın ayırdığı qrant əsasında RPİ-nin binasında quraşdırılmış günəş panelləri haqqında məlumat verib. O, 2016-cı ildə JICA-nın xətti ilə Yaponiyanın Kitakyuşi şəhərində “Bərpaolunan enerji mənbələri, xüsusən günəş panelləri şəbəkədə” mövzusunda təlimlərdə iştirak etdiyini və 2019-cu ildə JICA-nın dəstəyi ilə təşkil olunan qrant müsabiqəsinin qalibi olduğunu bildirib. Qeyd edib ki, JICA-nın bu cür qrant müsabiqələrinə yalnız JICA xətti ilə təlimlərdə iştirak edən şəxslər layihə təqdim etmək hüququna malikdir.
Sonra bərpaolunan enerji növlərinin çevrilməsi laboratoriyasının aparıcı elmi işçisi, dosent Oktay Salamov alternativ energetika sahəsində institutda görülən işlər və yaradılan qurğular barədə məlumat verib. O, JICA-nın sözügedən layihənin reallaşdırılması üzrə qrant ayırmasını yüksək qiymətləndirib.
Hazırkı mərhələdə yalnız Günəş panellərinin işə qoşulduğu və onların müəyyən enerji işlədicilərini elektrik enerjisi ilə fasiləsiz təchiz etdiyini bildirən Oktay Salamov gələcəkdə bu cür enerji mənbələri sayəsində “Günəş və külək-antikorroziya sistemləri”nin, sudan təzyiq altında təmiz hidrogen və oksigen qazlarının alınması üçün “Günəş-külək elektroliz qurğusu”nun, həmçinin biokütlədən və tullantılardan yanar qaz qarışığı almaq üçün “Günəş-külək energetik qurğusu”nun yaradılacağını deyib. O.Səmədov qrant layihəsinin reallaşdırılmasında fəal iştirak edən və günəş radiasiyasını fasiləsiz olaraq ölçmək üçün kiçikölçülü, yüksəkdəqiqlikli ölçü cihazı düzəldən Azərbaycan Texniki Universitetinin tələbəsi Əbülfəz Məhərrəmovu tədbir iştirakçılarına təqdim edib.
Tədbirin sonunda JICA-nın Özbəkistan ofisinin baş nümayəndəsinin müavini Kazuko Takabanake təmsil etdiyi təşkilatın fəaliyyətindən danışıb. Layihəni yüksək qiymətləndirən qonaq JICA-nın ölkəmizlə əməkdaşlığının inkişafında maraqlı olduğunu qeyd edib.
Sonra görüş iştirakçıları RPİ-nin əsas binasında quraşdırılan günəş panelləri və hibrid günəş ev sistemi ilə tanış olublar.