YAPONİYA BEYNƏLXALQ ƏMƏKDAŞLIQ BANKI AZƏRBAYCAN İLƏ ƏLAQƏLƏRİ GENİŞLƏNDİRMƏK NİYYƏTİNDƏDİR
Görüşdə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının konkret sahələr üzrə təklifləri müzakirə olunmuşdur.
Bankın nümayəndələri Azərbaycanda orta texniki peşə təhsilinin inkişafı layihəsi üzrə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirmişlər. Artıq bu layihə üzrə aralıq sənəd hazırlanmış və hökumətə təqdim olunmuşdur. Hazırda bu sənəd üzrə müzakirələr aparılır.
Bankın təmsilçiləri, həmçinin “Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı görülən işlərlə maraqlandıqlarını və regionlarda su təchizatının yaxşılaşdırılması sahəsində ölkəmizlə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirmiş, hazırda bank tərəfindən bu sahədə vəziyyətin öyrənildiyini qeyd etmişlər.
Görüşdə “Yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramı”nın hazırlanmasının gedişi ilə maraqlanan bankın nümayəndələrinə proqramın həyata keçirilməsində əməkdaşlıq təklif olunmuşdur. Təklif razılıqla qarşılanmışdır. Yaponiyalı qonaqlar, həmçinin enerji sahəsində də əməkdaşlıq niyyətində olduqlarını bildirmişlər.
İqtisadi inkişaf naziri Heydər Babayev Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının Azərbaycanla əməkdaşlıq niyyətini yüksək qiymətləndirərək, əlaqələrin genişləndirilməsi üçün nazirlik tərəfindən hər cür dəstək göstəriləcəyini vurğulamışdır.