DÜNYA
Yaponiya Çin və Vyetnam arasında dənizdə baş vermiş hadisə ilə əlaqədar narahatlığını bildirmişdir
Tokio, 9 may (AZƏRTAC). Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa Cənub-Çin dənizindəki mübahisəli sularda Çin və Vyetnam gəmiləri arasında baş vermiş toqquşmaya görə Çin tərəfini ittiham etmişdir.
Mayın 8-də keçirilən ənənəvi mətbuat konfransında Y.Suqa demişdir ki, Yaponiya hökuməti Vyetnam gəmilərinə vurulmuş zərərə və heyət üzvlərinin yaralanmasına görə ciddi narahatlığını bildirir.
Baş katibin sözlərinə görə, bu hadisə Çinin dənizin ehtiyatlarının birtərəfli qaydada mənimsənilməsi istiqamətində həyata keçirdiyi təxribatçı hərəkətlərin davamıdır.
Y.Suqa bəyan etmişdir ki, Çinin regionda gərginlik yaratmaq cəhdi dərin təəssüf hissi doğurur. Çin Vyetnam tərəfinə və eyni zamanda, beynəlxalq ictimaiyyətə atdığı addımların səbəblərini və onun detallarını izah etməlidir.
Yaponiya Nazirlər Kabinetinin baş katibi demişdir ki, Cənub-Çin dənizində sülh və sabitliyin qorunması beynəlxalq ictimaiyyətin mənafelərinə xidmət edən məsələdir. Y.Suqa Çini gərginliyi artıran birtərəfli addımlar atmaqdan çəkinməyə, beynəlxalq hüquq normalarına əməl etməyə və təmkinli olmağa çağırmışdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri,
Tokio