Yaponiya Donald Trampın Nobel mükafatına namizədliyini irəli sürübmü?
Bakı, 18 fevral, AZƏRTAC
Yaponiyanın Baş naziri Sindzo Abe ABŞ Prezidenti Donald Trampın Nobel mükafatına namizədliyini irəli sürüb-sürmədiyi barədə parlament üzvlərinin sualına cavab verməkdən yayınıb.
AZƏRTAC bu barədə Yaponiya KİV-lərinə istinadla xəbər verir. “Nobel komitəsi artıq 50 ildir nə namizədlərin, nə də namizədlik irəli sürənlərin adlarını açıqlamır. Mən bu mövzu barədə suallara cavab vermək istəmirəm”, - Abe parlamentin aşağı palatasının büdcə komissiyasının iclasında belə deyib.
Bununla yanaşı, parlament üzvlərindən birinin tövsiyənin olub-olmaması barədə sualına Yaponiyanın Baş naziri “mən belə faktın olmadığını deməmişəm”, - cavabını verib.
Bu ərəfədə “Asaxi” qəzeti Sindzo Abenin Vaşinqtonun qeyri-formal “xahişi” əsasında KXDR ətrafında yaranan böhranın həlli istiqamətində səylərinə görə Donald Trampın Nobel mükafatına namizədliyini irəli sürdüyünü yazmışdı. Həmçinin ötən həftə ABŞ-ın dövlət başçısı Donald Tramp Yaponiyanın Baş nazirinin onun namizədliyini Nobel sülh mükafatına irəli sürdüyünü etiraf etdiyini demişdi.
Qeyd edək ki, ABŞ-ın 44-cü prezidenti demokrat Barak Obama 2009-cu ildə Nobel sülh mükafatına layiq görülmüşdü. Nobel komitəsinin üzvləri onun “beynəlxalq diplomatiyanın və insanlar arasında əməkdaşlığın güclənməsi” uğrunda səylərini mükafata layiq bilmişdi.