Yaponiya İmperatoru Akihito və xanımı Mitiko Fukusima şəhərinə gəlmişlər
Bakı, 11 may (AZƏRTAC). Mayın 11-də Yaponiya İmperatoru Akihito və xanımı Mitiko hərbi təyyarədə “Fukusima-1” Atom Elektrik Stansiyasından (AES) cəmi 60 kilometr məsafədə yerləşən Fukusima şəhərinə gəlmişlər. İmperator və xanımı təbii fəlakətdən və AES-də baş vermiş qəzada zərər çəkmiş insanlarla görüşmək və onlara mənəvi dəstək göstərmək niyyətindədirlər.
İmperator və xanımı qaçqınların məskunlaşdıqları bir neçə yaşayış məntəqəsində, habelə dağıdıcı sunamidən ən çox ziyan çəkmiş yerlərə də səfər edəcəklər. AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edən hərbçilər, polislər və yanğınsöndürənlərlə də görüşlər planlaşdırılmışdır. İmperator və xanımı bundan əvvəl Yaponiyanın şimal-şərqində yerləşən 4 prefekturada olmuşlar.
“Fukusima-1” AES-in ətrafında 20 kilometrlik zonada yerləşən Kavauti kəndinin 100-ə yaxın sakini mayın 10-da ilk dəfə olaraq öz evlərinə qısamüddətli səfər etmişlər. Hakimiyyət orqanları evakuasiya zonasına hər ailədən bir nəfərin səfər etməsinə icazə vermişdi. Xüsusi paltar, qoruyucu maska, əlcək və eynəklərlə təchiz olunmuş insanlar avtobusla doğma kəndə getmiş, kiçik qiymətli əşyaları - bank kitabçalarını, pul kisələrini və zinət əşyalarını götürmüşlər.
“Fukusima-1” AES-in operatoru “Tokio elektrik pauer” (TEPCO) şirkəti atom böhranından ziyan çəkmiş insanlara müavinətlərin ödənilməsi üçün əlavə maliyyə vəsaiti əldə etmək məqsədi ilə 500 milyard ien (6 milyard dollardan çox) məbləğində aktivlərini satmaq niyyətindədir. TEPCO-ya məxsus “KDDI Corp” telekommunikasiya şirkətinin səhmləri, daşınmaz əmlakı və filialları da satışa çıxarılacaqdır.
Yaponiyadakı “Hamaoka” AES-in operatoru “Chubu Electric Power” şirkəti mayın 12-də stansiyanın 4-cü enerji blokunun reaktorunun dayandırılması üzrə hazırlıq işinə başlamışdır. Reaktorun dayandırılmasına hazırlıq üçün 7-8 saat tələb olunur. Yaponiyanın Baş naziri Naoto Kan ötən həftə əhalinin təhlükəsizliyi ilə əlaqədar həmin stansiyanın fəaliyyətdə olan reaktorlarının dayandırılmasını tələb etmişdir. Çünki stansiyanın yerləşdiyi ərazidə 8 bal gücündə təkrar zəlzələlərin baş verməsi ehtimalı böyükdür. “Hamaoka” AES-in birinci, ikinci və üçüncü enerji bloklarının reaktorları artıq dayandırılmışdır. Belə ki, dördüncü və beşinci enerji bloklarında reaktorların dayandırılması ümumilikdə stansiyanın tam dayandırılması ilə nəticələnəcəkdir.
Yaponiyanın “Fukusima-1” AES-də baş vermiş qəza göstərmişdir ki, dünya nüvə təhlükəsizliyi sistemində ciddi problemlər vardır. Bunu BMT-nin baş katibi Pan Gi Mun Cenevrədə öz işinə başlayan təbii fəlakətlərin risklərinin azaldılması üzrə Qlobal konfransın üçüncü sessiyasının açılışında bildirmişdir. Pan Gi Mun demişdir ki, “Fukusima-1” AES faciəsi nüvə enerjisinin gələcəyinə dair məsələləri ön plana çəkmişdir. Bu həm də ictimaiyyətdə qorxu yaranması üçün əsas olmuşdur.
BMT baş katibinin sözlərinə görə, nüvə enerjisi sahəsində aparıcı ölkələr təminat verməlidirlər ki, nüvə reaktorları müxtəlif növ təhlükələrə - zəlzələ, sunami, daşqınlar və yanğınlara davam gətirə biləcəkdir. Təhlükəsizlik standartları diqqətlə öyrənilməlidir.
Pan Gi Mun bildirmişdir ki, BMT Baş Məclisinin sentyabrın 22-də Nyu-Yorkda keçiriləcək sessiyası çərçivəsində nüvə təhlükəsizliyi məsələləri üzrə nazirlər səviyyəsində konfrans olacaqdır. Konfransın məqsədi “Fukusima-1” AES-də baş vermiş qəzanın nəticələrinin təhlil edilməsi və belə böyük təbii fəlakətlərin aradan qaldırılması sahəsində ölkələr arasında əməkdaşlığın yaxşılaşdırılmasıdır. Bu mövzu cari ilin iyun ayında Beynəlxalq Atom Energetikası üzrə Agentliyin (Maqate) Vyanada təşkil edəcəyi nüvə təhlükəsizliyi üzrə nazirlər səviyyəsində konfransda da müzakirə ediləcəkdir.