Yaponiya koronavirus pandemiyasına görə fövqəladə vəziyyət rejiminin müddətini uzadır
Tokio, 17 avqust, AZƏRTAC
Yaponiya hökuməti COVID-19 virusuna görə fövqəladə vəziyyət rejiminin müddətinin uzadılması və məhdudiyyətlərin əhatə dairəsinin genişləndirilməsinə dair qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ekspertlər komissiyasının avqustun 17-də keçirilən iclasında iqtisadiyyatın bərpası naziri Yasutoşi Nişimura bəyan edib.
“Biz Tokioda və daha beş prefekturada fövqəladə vəziyyət rejiminin müddətinin uzadılması barədə qərara gəlmişik. Həmçinin, biz fövqəladə vəziyyətin tətbiq edildiyi siyahıya İbaraki, Toçiqi, Qumma, Şizuoka, Kioto, Hyoqo və Fukuoka prefekturalarının əlavə olunmasını da qərara almışıq”, - deyə nazir bildirib. Y.Nişimura əlavə edib ki, həmin yeddi prefekturada fövqəladə vəziyyət rejimi avqustun 20-dən elan ediləcək. Bununla yanaşı, ölkənin daha on prefekturasında koronavirusun yayılmasına qarşı gücləndirilmiş tədbirlər həyata keçiriləcək. Bununla Tokio da daxil olmaqla Yaponiyanın 13 prefekturasında avqustun 20-dən fövqəladə vəziyyət, 16 prefekturasında isə gücləndirilmiş tədbirlər rejimi qüvvəyə minəcək.
Qeyd edək ki, son həftələr ərzində Yaponiyada koronavirusla əlaqədar vəziyyət gərginləşməkdə davam edib. Ötən həftə ölkə pandemiya dövründə koronavirusa yoluxanların ümumi sayında 1 milyon həddini aşıb. Hazırda həmin göstərici daha 160 min nəfər artıb. Yaponiyada koronavirus yoluxmasından 15 min 400 nəfər həyatını itirib. Təqribən 1600 xəstənin vəziyyəti ağır olaraq qalır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio