YAPONİYA ŞİRKƏTLƏRİNİN AZƏRBAYCANA MARAĞI ARTIR
Hazırda Yaponiyanın “İtoçu” şirkəti layihənin həyata keçirilməsinin mümkünlüyü üzərində fəal iş aparır.
Azərbaycanın Yaponiyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfir Azər Hüseyn şirkətin nümayəndələri ilə görüşmüş, Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu layihəsini müzakirə etmişdir. Bildirilmişdir ki,
layihə ilə bağlı məsələləri araşdırmaq və müzakirə etmək məqsədi ilə “İtoçu” şirkətinin və onun layihə üzrə əməkdaşı “Pacific Consultant İnternational” şirkətinin nümayəndələri aprelin 22-27-də Azərbaycanda səfərdə olacaqlar. Səfər müddətində nümayəndə heyəti Bakı-Tbilisi istiqamətində dəmir yolunun, eləcə də körpü və tunellərin hazırkı vəziyyəti ilə bağlı araşdırmalar aparacaq, eyni zamanda, Azərbaycanın Nəqliyyat Nazirliyi və digər müvafiq təşkilatların nümayəndələri ilə görüşəcəklər.
Bundan əlavə, məişət tullantılarının yenidən istehsalı və emalı texnologiyaları üzrə ixtisaslaşan Yaponiyanın EBARA şirkətinin nümayəndə heyəti hazırda Azərbaycanda səfərdədir. Bu sahədə ixtisaslaşan Yaponiya şirkətləri Prezident İlham Əliyevin Yaponiyaya səfəri zamanı Azərbaycana dəvət edilmişlər. Nümayəndə heyətinin Bakıda keçirəcəyi görüşlərdə tullantıları yenidən emal edən zavodun tikilməsi məsələləri müzakirə ediləcək, konkret layihələr təqdim oluncaqdır.