Yaponiyada Afrikanın İnkişafı üzrə VII Beynəlxalq Tokio Konfransı işə başlayıb
Tokio, 28 avqust, AZƏRTAC
Avqustun 28-də Yaponiyanın Yokohama şəhərində Afrikanın 50-dən çox dövlətinin liderlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, o cümlədən BMT-nin Baş katibinin iştirakı ilə Afrikanın İnkişafı üzrə VII Beynəlxalq Tokio Konfransı (TICAD) işə başlayıb.
AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək sammitdə Yaponiyanın Baş Naziri Şinzo Abe salamlama nitqi ilə çıxış edib.
Sayca yeddinci olan konfrans ilk dəfə 1993-cü ildə keçirilib və Yaponiyanın Afrika üzrə siyasətində əsas elementə çevrilib.
Bu il keçirilən konfransın gündəliyindəki əsas məsələ fərdi yapon investisiyalarının Afrika ölkələrinə yönəldilməsidir.
Qeyd edək ki, hazırda Afrika əhalisi sürətlə artır. BMT-nin proqnozlarına əsasən 2050-ci ildə Yer kürəsində yaşayanların dörddəbiri afrikalı olacaq. Qitədə yerləşən dövlətlərin iqtisadiyyatında da tərəqqi hiss olunur və bu göstərici ildə orta hesabla 3 faiz təşkil edir.
Bütün bunlar Afrikanı Yaponiya, ABŞ, Avropa ölkələri və Çin üçün cəlbedici bazara çevirir və həmin ölkələr regiona təsir uğrunda rəqabət aparırlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio