Yaponiyada koronavirusa yoluxanların izlənməsi məqsədilə smartfonlar üçün proqram əlavəsinin tətbiqinə başlanılır
Tokio, 19 iyun, AZƏRTAC
Yaponiya hökuməti smartfonlar üçün koronavirusa yoluxanların yaxınlığında olan insanları xəbərdar edəcək proqram əlavəsinin tətbiqinə başlayır.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, iyunun 19-dan başlayaraq həmin əlavəni internet vasitəsilə telefona yükləmək mümkün olacaq.
Qeyd edilir ki, bu əlavə vasitəsilə koronavirus testi müsbət olan istifadəçi barədə 15 dəqiqə ərzində həmin şəxsdən bir metr məsafədə olan digər istifadəçilərə məlumat göndərilir.
Proqram əlavəsi həmin əlaqə barədə məlumatı bu informasiya qeydə alınandan 14 gün sonra silir. Bu əlavə, həmçinin telefon nömrələri, şəxsin olduğu yerlər və istifadəçini eyniləşdirməyə imkan yaradan digər məlumatları da toplamağa kömək edir.
Yaponiya hökumətinin bildirdiyinə görə, həmin əlavə şəxsi məlumatları digər ölkələrdə tətbiq edilən əlavələrdən daha yaxşı qorumaq imkanına malikdir.
Hökumətin bu əlavəni geniş şəkildə tətbiq etmək üçün müəyyən üstünlüklər yaradacağı da bildirilir. Belə ki, həmin əlavədən istifadə edən şəxslər koronavirus testindən daha sürətlə keçəcəklər və bu, infeksiyanın yayılmasının qarşısını alacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio