Yaponiyadakı “Hamaoka” AES-də son həftə ərzində ikinci tüstüləmə halı qeydə alınıb
Tokio, 17 avqust, AZƏRTAC
Avqustun 17-də Yaponiyanın Şizuoka prefekturası ərazisində yerləşən “Hamaoka” atom elektrik stansiyasında (AES) yanğın siqnalı işə düşüb.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, AES-in operatoru “Chubu Elecctric Power Co.” şirkəti bunun son həftə ərzində qeydə alınan ikinci tüstülənmə halı olduğunu təsdiqləyib. Tüstülənmə başladıqdan sonra reaktorun yerləşdiyi dördmərtəbəli binanın ikinci və üçüncü mərtəbələrindəki siqnalizasiya işə düşüb
Yerli vaxtla səhər saat 5:15 dəqiqdə AES-in 5 nömrəli reaktor turbininin yerləşdiyi sahədə qeydə alınan hadisə zamanı radioaktiv sızıntı baş verməyib.
Stansiyanın kommunal xidməti tüstü qeydə alındıqdan dərhal sonra yaxınlıqdakı yanğınsöndürmə hissəsinə xəbər verib. Yanğınsöndürənlər tərəfindən aparılan araşdırmadan sonra bunun yanğın hadisəsi olmadığı müəyyənləşdirilib.
Şirkətin yaydığı məlumatda avqustun 12-də həmin ərazidə elektrik xəttində baş verən tüstüləmə səbəbindən həyəcan siqnalının işə düşdüyü qeyd edilir.
Qeyd edək ki, “Hamaoka” AES-in fəaliyyəti 2011-ci ildə baş verən zəlzələdən yaranan sunami nəticəsində “Fukuşima-1” AES-dəki atom qəzasından sonra hökumətin xahişi ilə dayandırılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio