Yaponiyanın Baş Naziri İranın Xarici İşlər naziri ilə görüşüb
Tokio, 28 avqust, AZƏRTAC
Avqustun 28-də Yaponiyanın Baş Naziri Şinzo Abe Yokohama şəhərində İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə İranın Xarici İşlər naziri ölkəsinin regionda gərginliyi artırmağa çalışmadığını bildirərək deyib: “Biz Yaponiyanın Yaxın Şərqdəki diplomatik səylərini alqışlayırıq. İran Prezidentinin dediyi kimi, biz gərginliyi artırmağa çalışmırıq. Hesab edirik ki, hər bir ölkə beynəlxalq qanunlara uyğun olaraq öz hüquqlarından istifadə etmək imkanına malik olmalıdır”.
İranlı nazir, həmçinin öz “Twitter” səhifəsində yazıb ki, Ş.Abe ilə görüşdə ikitərəfli münasibətlərin möhkəmlənməsi və İran körfəzində gərginliyin azaldılması istiqamətində konstruktiv fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, M.C.Zərif bir gün əvvəl yaponiyalı həmkarı Taro Kono ilə də görüşüb. Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, T.Kono bəyan edib ki, İran nüvə razılaşmasına əməl etməli, bu sənəddəki öhdəliklərinin icrasına qayıtmalı və onu pozacaq hərəkətlərdən çəkinməlidir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio