Yaponiyanın Baş Naziri Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcək
Tokio, 19 iyun, AZƏRTAC
Yaponiyanın Baş Naziri Şinzo Abe İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 75-ci ildönümü münasibətilə gələn həftə Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcək.
AZƏRTAC xəbər verir ki, bunu iyunun 19-da Yaponiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri bürosunun direktor müavini Hideki Uyama parlamentin yuxarı palatasının komitə iclasında çıxışı zamanı bildirib. H.Uyama qeyd edib ki, Baş Nazir bütün diqqətini Yaponiyada koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə yönəltmək niyyətindədir.
Qeyd edək ki, Baş Nazir Şinzo Abe əvvəlcə mayın 9-da keçiriləcək parada dəvət alsa da, sonradan koronavirus pandemiyası ilə əlaqədar bu tədbir təxirə salınmışdı. Həmin səfər zamanı Baş Nazirin Rusiya Prezidenti Vladimir Putinlə görüşü də planlaşdırılırdı.
Ş.Abe və V.Putin arasında son görüş ötən ilin sentyabrında Vladivostokda baş tutub. Görüşdə liderlər iki ölkə arasında ərazi mübahisəsinin həlli ilə bağlı dalana dirənmiş danışıqları irəlilətmək barədə razılığa gəliblər.
Xatırladaq ki, Hokkaydo adasının şimalında yerləşən və Yaponiyada “Şimal torpaqları”, Rusiyada isə “Cənubi Kuril adaları” adlandırılan ərazi İkinci Dünya müharibəsindən sonra bu ölkələr arasında sülh müqaviləsinin imzalanması üçün əsas maneə olaraq qalır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio