Yaponiyanın Baş Naziri rəhbərlik etdiyi partiyadan olan deputatların həbsinə görə üzr istəyib
Tokio, 19 iyun, AZƏRTAC
Yaponiyanın Baş Naziri Şinzo Abe rəhbəri olduğu hakim Liberal Demokratik Partiyadan deputat seçilmiş Kavatsuki və Anri Kavailərin həbsinə görə ölkə ictimaiyyətindən üzr istəyib.
AZƏRTAC xəbər verir ki, sabiq Ədliyyə naziri K.Kavai və onun həyat yoldaşı A.Kavai iyunun 18-də seçki barədə qanunu pozduqlarına görə Yaponiya prokurorluğu tərəfindən həbs ediliblər. Parlamentin aşağı palatasının üzvü K.Kavai və yuxarı palatanın üzvü A.Kavai həbsdən bir gün əvvəl hakim partiyanın sıralarından azad ediliblər.
Parlamentin növbəti sessiyası başa çatdıqdan bir gün sonra keçirilən mətbuat konfransı zamanı ictimaiyyətdən üzr istəyən Ş.Abe deyib: “Mənim rəhbərlik etdiyim partiyadan seçilmiş deputatların həbsi çox kədərləndiricidir. Həmin şəxsi Ədliyyə naziri vəzifəsinə təyin edən biri olaraq, mən bununla əlaqədar öz məsuliyyətimi dərindən dərk edirəm. Buna görə yapon xalqından səmimi şəkildə üzr istəyirəm”.
Koronavirus pandemiyası ilə əlaqədar ölkədəki vəziyyətə toxunan Baş Nazir bildirib ki, hökumət iqtisadiyyatın qorunması və iş yerlərinin saxlanması üçün qəbul edilən əlavə büdcədən səmərəli istifadə etməyə çalışacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio