Yaponiyanın daha çox ərazisində güclü yağışlar gözlənilir
Tokio, 16 avqust, AZƏRTAC
Avqustun 15-də Yaponiyanın şərq və qərb ərazilərində güclü yağışlar davam edib.
AZƏRTAC xəbər verir ki, bazar günü axşam saatlarında yağışın intensivliyi qismən azalıb. Təqribən dörd gün fasiləsiz davam edən yağışlar nəticəsində Yaponiyanın bir çox rayonlarına avqust ayı üzrə orta normadan üç dəfə çox yağıntı düşüb.
Bazar günü səhər saatlarında Naqano prefekturasının Okaya şəhərində torpaq sürüşməsi nəticəsində üç nəfər həyatını itirib.
Ümumiyyətlə son günlər Yaponiyada baş verən güclü yağışlar və torpaq sürüşmələri nəticəsində altı nəfər həlak olub.
Yaponiya Meteorologiya Agentliyi Saqa, Fukuoka, Qifu, Şizuoka, Naqano, Yamanaşi, Çiba və Fukuşima prefekturalarında torpaq sürüşmələri barədə xəbərdarlıq yayıb.
Avqustun 16-da və 17-də şimala doğru hərəkət edəcək güclü yağışların Yaponiyanın daha çox ərazisinə yayılacağı və cümə gününədək davam edəcəyi gözlənilir.
Meteoroloqlar əhalini torpaq sürüşmələrinə və daşqınlara qarşı sayıq olmağa çağırırlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio