Yasamal rayonunda 82 min 832 adam tibbi müayinədən keçmişdir
Bakı, 5 aprel (AZƏRTAC, Əziz Məmmədov). Yasamal rayonu Prezident İlham Əliyevin tapşırığına əsasən fevralın 17-dən ölkədə həyata keçirilən əhalinin dispanserləşdirilməsi aksiyasına qoşulmuşdur. Yasamal rayonunda M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (eksperimental xəstəxana), 10 poliklinika və təqribən 15 ixtisaslaşdırılmış tibb müəssisəsi fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətində əhalinin tibbi-profilaktiki müayinəsinin təşkil edilməsi üçün müvafiq qurumların nümayəndələrindən ibarət komissiya yaradılmış, xüsusi cədvəllər tərtib edilmişdir. Rayon sakinləri arasında təşkilati maarifləndirmə işləri aparılmışdır.
Rayon icra hakimiyyətinin nümayəndəsi Elçin Əhmədov bildirmişdir ki, aksiyanı yüksək səviyyədə keçirmək üçün 3, 16 və 19 nömrəli şəhər poliklinikalarında hər cür şərait yaradılmışdır. İdarə və təşkilatların əməkdaşlarının, habelə yataq xəstələrinin müayinəsi üçün həkim briqadaları təşkil edilmişdir. Fevralın 17-dən 82 min 832 rayon sakini tibbi müayinədən keçmişdir.
3 nömrəli poliklinikanın baş həkimi Zərifə Mirzəyeva demişdir ki, onun başçılıq etdiyi tibb müəssisəsi Dövlət Proqramına müvafiq olaraq 2010-cu i ildə əsaslı təmir olunmuş və ən müasir tibbi avadanlıqla təchiz edilmişdir. Fevralın 17-dən bu poliklinikada təqribən 28 min 400 rayon sakini müayinə olunmuş, 209 sakində müxtəlif xəstəlik aşkar olunmuş, 95 adam xəstəxanalara yerləşdirilmişdir.
Z.Mirzəyeva onu da bildirmişdir ki, poliklinikada səyyar həkim briqadaları yaradılmışdır. Briqadalar cədvələ uyğun olaraq, təşkilat və müəssisələrdə, məktəblərdə müayinə aparır, evlərə gedib yaşlı adamlara və xəstələrə baş çəkirlər. Xəstəlik aşkarlandıqda müvafiq müalicə kursları təyin olunur.
Müayinədən keçən Ədibə Rəsulova, Cabir Vəliyev və başqaları dövlətimizin başçısının bu nəcib təşəbbüsünü dərin minnətdarlıq hissi ilə qarşılamış, poliklinika heyətinin işindən, burada yaradılan şəraitdən razı qaldıqlarını bildirmişlər.