Yasamal rayonunda əhalinin tibbi-profilaktiki müayinəsi davam edir
Bakı, 28 fevral (AZƏRTAC, Əziz Məmmədov). Yasamal rayonu Prezident İlham Əliyevin tapşırığına əsasən fevralın 17-dən ölkədə həyata keçirilən əhalinin dispanserləşdirilməsi aksiyasına qoşulmuşdur. Yasamal rayonunda M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (eksperimental xəstəxana), 10 poliklinika və təqribən 15 ixtisaslaşdırılmış tibb müəssisəsi fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətində əhalinin tibbi-profilaktiki müayinəsinin təşkil edilməsi üçün müvafiq qurumların nümayəndələrindən ibarət komissiya yaradılmış, xüsusi cədvəllər tərtib edilmişdir. Rayon sakinləri arasında təşkilati-maarifləndirmə işləri aparılmışdır.
Rayon icra hakimiyyətinin nümayəndəsi Zöhrab Cəfərov bildirmişdir ki, aksiyanı yüksək səviyyədə keçirmək üçün 3, 16 və 19 nömrəli şəhər poliklinikalarında hər cür şərait yaradılmışdır. İdarə və təşkilatların əməkdaşlarının, habelə yataq xəstələrinin müayinəsi üçün həkim briqadaları təşkil edilmişdir. Fevralın 17-dən bu günə kimi 21 mindən çox rayon sakini tibbi müayinədən keçmişdir.
16 nömrəli poliklinikanın baş həkimi Rövşən Abbasov demişdir ki, onun başçılıq etdiyi tibb müəssisəsi Dövlət Proqramına müvafiq olaraq 2012-ci ildə əsaslı təmir olunmuş və ən müasir tibbi avadanlıqla təchiz edilmişdir. Fevralın 17-dən bu poliklinikada 6530 rayon sakini müayinə olunmuş, o cümlədən 1145 nəfər rentgen, 1099 nəfər laboratoriya, 305 nəfər ultrasəs, 278 nəfər elektrokardioqrafiya müayinələrindən keçmişdir. R.Abbasov onu da bildirmişdir ki, poliklinikada səyyar həkim briqadaları yaradılmışdır. Briqadalar cədvələ uyğun olaraq, təşkilat və müəssisələrdə, məktəblərdə müayinə aparır, evlərə gedib yaşlı adamlara və xəstələrə xidmət edirlər. Xəstəlik aşkarlandıqda müvafiq müalicə kursları təyin olunur.
Dövlətimizin başçısının bu nəcib təşəbbüsünü dərin minnətdarlıq hissi ilə qarşılayan rayon sakinləri poliklinika heyətinin işindən, burada yaradılan şəraitdən razı qaldıqlarını bildirmişlər.
İqtisad üzrə fəlsəfə doktoru Mirzəli Cəfərov müayinə olunduqdan sonra ölkə vətəndaşlarının sağlamlığına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə rayon sakinləri adından minnətdarlığını bildirmişdir.