Yasamal rayonunun tibb müəssisələrində əhalinin profilaktik müayinəsi uğurla davam edir
Bakı, 15 mart (AZƏRTAC, Əziz Məmmədov). Yasamal rayonu Prezident İlham Əliyevin tapşırığına əsasən fevralın 17-dən ölkədə həyata keçirilən əhalinin dispanserləşdirilməsi aksiyasına qoşulmuşdur. Yasamal rayonunda M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (eksperimental xəstəxana), 10 poliklinika və təqribən 15 ixtisaslaşdırılmış tibb müəssisəsi fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətində əhalinin tibbi-profilaktiki müayinəsinin təşkil edilməsi üçün müvafiq qurumların nümayəndələrindən ibarət komissiya yaradılmış, xüsusi cədvəllər tərtib edilmişdir. Rayon sakinləri arasında təşkilati-maarifləndirmə işləri aparılmışdır.
Rayon icra hakimiyyətinin nümayəndəsi Zöhrab Cəfərov bildirmişdir ki, aksiyanı yüksək səviyyədə keçirmək üçün 3, 16 və 19 nömrəli şəhər poliklinikalarında hər cür şərait yaradılmışdır. İdarə və təşkilatların əməkdaşlarının, habelə yataq xəstələrinin müayinəsi üçün həkim briqadaları təşkil edilmişdir. Fevralın 17-dən bu günə kimi 21 mindən çox rayon sakini tibbi müayinədən keçmişdir.
19 nömrəli şəhər poliklinikasının baş həkimi Əzizağa Şıxəliyev demişdir ki, onun başçılıq etdiyi tibb müəssisəsi Dövlət Proqramı çərçivəsində 2013-cü ildə əsaslı təmir olunmuş, ən müasir tibb avadanlığı ilə təchiz edilmişdir. Fevralın 17-dən bu günə kimi poliklinikada rayonun 14.946 sakini müayinə olunmuş, 640 sakində müxtəlif xəstəliklər aşkar edilmiş, 35 nəfər xəstəxanaya yerləşdirilmişlər. Bu müddət ərzində 610 nəfər rentgen, 640 nəfər ambulator, 280 nəfər ultrasəs, 437 vətəndaş elektrokardioqrafiya müayinəsindən keçmişdir.
Ə.Şıxəliyev bildirmişdir ki, poliklinikada yaradılan səyyar həkim briqadası cədvəl üzrə müəssisə və təşkilatlarda, orta məktəblərdə müayinələr aparır, habelə evlərdə yaşlı adamlara və yataq xəstələrinə baş çəkir. Xəstəlik müəyyən olunan kimi müvafiq müalicə kursları təyin edilir.
Müayinə olunan Cavad Kələntərov və rayonun digər sakinləri dövlətimizin başçısının bu nəcib təşəbbüsünü dərin minnətdarlıq hissi ilə qarşılamışlar. Onlar poliklinikanın personalının işindən, burada yaradılmış şəraitdən razı qaldıqlarını bildirmişlər.