Yasamal Yaşayış Kompleksində “Güzəştli mənzillər” nümayiş edilib
Bakı, 7 may, AZƏRTAC
Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin ərazisində güzəştli mənzillərin satışına hazırlıq işləri çərçivəsində, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun, agent bankların və qiymətləndirici şirkətlərin nümayəndələri ilə görüş olub.
Agentliyin mətbuat xidmətidən AZƏRTAC-a bildirilib ki, görüşün əsas məqsədi Yasamal Yaşayış Kompleksində satışa çıxarılacaq mənzilləri ziyarətçilərə nümayiş etdirərək, istifadə olunan inşaat materialları və təmir növləri haqqında ətraflı məlumat verməkdir.
2016-cı ilin dekabr ayının 24-də təməlqoyma mərasimi keçirilən Yasamal Yaşayış Kompleksinin tikinti işləri sürətlə davam etdirilir. 29 çoxmənzilli yaşayış binasından ibarət olan kompleksin 21 binasında konstruksiya və hörgü işləri yekunlaşdırılıb, təmir işlərinə başlanılıb. İlk mənzillərin vətəndaşlara təhvil verilməsi cari ilin yay aylarında planlaşdırılır.
Artıq Yasamal Yaşayış Kompleksinin ilk 4 binasında 260 mənzilin satışa çıxarılması ilə bağlı elan verilib. Bütün mənzillər tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif ediləcək. Mənzillərdə keyfiyyətinə görə tamamilə eyni, yalnız dizaynına görə fərqlənən iki növ təmir aparılır. Güzəştlə satılacaq bu mənzillər mətbəx mebeli ilə birlikdə təhvil veriləcək. Bununla yanaşı, bütün mənzillər kombi isitmə sistemi ilə, habelə su, qaz və işıq sayğacları ilə təmin edilir. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilir.
İştirakçılar belə görüşün keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirib və onlar üçün yaradılan şəraitə görə təşəkkürlərini bildirdilər. Mənzillərin təmirinin keyfiyyətlə aparıldığını qeyd edən görüş iştirakçıları Yasamal Yaşayış Kompleksində gələcək sakinlərin rahat və sağlam yaşayışı üçün bütün zəruri şəraitin yaradıldığını vurğulayıblar.
Qeyd olunub ki, “Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlar Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasına daxil olan “Kapital Bank”, “Bank BTB”, “Unibank” və “Azər-Türk Bank”ın təqdim etdiyi güzəştli ipoteka kreditindən yararlana bilərlər.
Vətəndaşların rahatlığını təmin etmək məqsədilə aprelin 6-dan etibarən bu kredit təşkilatlarının müvafiq filiallarında güzəştli ipoteka kreditinin əldə edilməsi və “Elektron ipoteka” sistemində şəxsi kabinetin yaradılması ilə bağlı sualların cavablandırılması işinə başlanılıb. İşin səmərəli təşkili və vətəndaşların əlavə vaxt itkisinin qarşısını almaq üçün bankların filialları paytaxtın müxtəlif istiqamətlərində müəyyən edilib.
Həmçinin aprelin 6-sı tarixindən etibarən agent bankların filiallarında 2000-dən çox vətəndaşa xidmət göstərilərək güzəştli ipoteka kreditinin əldə edilməsi ilə bağlı onları maraqlandıran suallar cavablandırılmış və ətraflı məlumat verilib.
Güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşlar bu siyahıda göstərilən ünvanlardan birinə yaxınlaşaraq və ya əlaqə nömrələrinə zəng edərək mövzu ilə bağlı suallara cavab tapa bilərlər.