CƏMİYYƏT
“Yaşıl Könüllülər” adlı yeni layihəyə başlanılır
![“Yaşıl Könüllülər” adlı yeni layihəyə başlanılır](/files/2022/3/1200x630/1669298129355673128_1200x630.jpg)
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan Könüllülər İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yaşıl Könüllülər” adlı yeni layihəyə start verir.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi gənclər arasında ekoloji maarifləndirmə işini genişləndirmək, gəncləri ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla onları birgə fəaliyyətə həvəsləndirmək, gəncləri ətraf mühitin qayğısına qalmağa təşviq etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdan ibarətdir.
Layihə çərçivəsində Bakı şəhərində üç gün ərzində 30 nəfərə yaxın iştirakçıya “Ətraf mühitin mühafizə olunmasında gənclərin təşəbbüslərinin artırılması”, “Gənclərin plastik tullantılara qarşı mübarizədə rolu” və s. bu kimi istiqamətlərə uyğun olaraq gənclər arasında ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa zərərli təsiri ilə bağlı maarifləndirmə işlərinin aparılması və ekoloji aksiya və marafonların keçirilməsində gənclərin, könüllülərin iştirakının stimullaşdırılması mövzularında görüşlər və praktiki məşğələlər təşkil olunacaq.
Dekabrın 3-dən başlayaraq qeyd olunan mövzular üzrə keçiriləcək seminarlarda ixtisaslaşmış ekspertlərlə görüşlər təşkil olunacaq.
Layihə müddətində, eyni zamanda “Gəlin şəhərimizi təmiz saxlayaq” devizi altında 100-ə yaxın könüllünün iştirakı ilə təmizlik kampaniyası keçiriləcək.
Layihədə iştirak etmək istəyənlər link vasitəsilə ərizə formasını dolduraraq elektron şəkildə müraciət edə bilərlər.
Müraciət edənlər e-mail və ya telefon vasitəsilə seçimlərin nəticələri haqqında məlumat əldə edəcəklər.
Son müraciət tarixi dekabrın 1-i saat 18:00-da bitir.