YAXIN GƏLƏCƏKDƏ AZƏRBAYCANDA İKİ YENİ ELEKTRİK STANSİYASI TİKİLƏCƏK
Dövlət başçısı bu məsələni xüsusi nəzərə çarpdıraraq demişdir: “Şimal-2” elektrik stansiyası tikilməlidir. Eyni zamanda, Sumqayıt şəhərində yeni elektrik stansiyası tikilməlidir. Qısa müddət ərzində biz buna nail olmalıyıq və beləliklə, Azərbaycanda, ümumiyyətlə, elektrik enerjisinin verilməsi ilə bağlı heç bir problem olmayacaqdır. Gələcəkdə bəlkə də Azərbaycan lazımi qədər elektrik enerjisi ixrac edə biləcəkdir”.
“Azərenerji”nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Yaponiyanın “Mitsui” şirkəti Bakıdakı “Şimal” DRES-də postsovet məkanında analoqu olmayan 400 MVt gücündə buxar–qaz qurğusu (BQQ) inşa etmişdir. İkinci belə blokun inşası da nəzərdə tutulmuşdur. Ölkənin 2010-cu ilədək energetika sisteminin inkişafı sxemi ilə “Şimal” DRES–də 400 MVt gücündə ikinci BQQ qurğusunun, Sumqayıtda isə 400-500 MVt gücündə BQQ-nin inşası nəzərdə tutulmuşdur.
İkinci BQQ tikintisi layihəsini həyata keçirmək üçün kredit xəttini yenə də Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı açacaqdır. Hazırda bu maliyyə qurumunun və Azərbaycanın milli energetika idarəsinin, eləcə də respublikamızın digər idarə və təşkilatları - maliyyə, iqtisadi inkişaf, yanacaq və energetika nazirlikləri, “Azəriqaz” SC və başqalarının ekspertləri fəal danışıqlar aparırlar. Güzəştli, uzunmüddətli kreditin artıq 2004-cü ilin yazında ayrılacağı ehtimal edilir. Yeni blokun tikintisi Abşeron yarımadasının elektrik təchizatının etibarlılığını və keyfiyyətini xeyli dərəcədə yaxşılaşdırmağa imkan verəcəkdir.
Nazirlər Kabinetinin iclasında qeyd olunmuşdur ki, bütün bunlarla yanaşı, 1-ci və 2-ci Sumqayıt İEM-lərinin ərazisində də BQQ tikintisi layihəsini həyata keçirmək nəzərdə tutulmuşdur. Rentabelli olmadıqlarına görə Sumqayıtda iki İEM-in işi dayandırılmışdır – bu stansiyalar 1 kilovatsaat elektrik enerjisi istehsalına 700-800 qram şərti yanacaq işlədirdilər. Belə şəraitdə Rusiyadan elektrik enerjisi alınmasına üstünlük verilmişdir ki, bu da iqtisadi cəhətdən daha səmərəli idi.
Sumqayıtda energetika sektorunu inkişaf etdirmək və dayandırılmış qurğuları əvəz etmək üçün burada 400-500 MVt gücündə yeni müasir qurğu tikmək barədə qərar qəbul olunmuşdur. Bu, respublikanın ikinci ən iri sənaye mərkəzinin və bütövlükdə Abşeron yarımadasının etibarlı və fasiləsiz elektrik enerjisi ilə təminatı məsələsini həll etməyə imkan verəcəkdir. Dünyanın bir sıra tanınmış xarici şirkətləri bu layihəyə böyük maraq göstərirlər. Almaniyanın “Siemens”, İsveçrənin “Alstom”, Türkiyənin “Enka”, Yaponiyanın “Niçemen” və “Mitsui” şirkətləri və digər Avropa və Amerika şirkətləri onların arasındadır.
Xatırladaq ki, onların bəziləri artıq öz texniki və maliyyə təkliflərini təqdim etmişlər.