CƏMİYYƏT
Yaxın iki gün ərzində hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq
Bakı, 27 noyabr, AZƏRTAC
Ölkə ərazisində noyabrın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9°, gündüz 11-14° isti, Bakıda gecə 6-8°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 28-29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 7-12° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-5°, gündüz 8-13° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 4-8° isti olacağı ehtimal edilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 9-14° isti olacağı ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-7°, gündüz 8-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacağı gözlənilir.