Yay Düşərgəsinin iştirakçısı: Azərbaycan reallıqlarının Fransada təbliği üçün gördüklərimi dostlarımla paylaşacağam VİDEO
Zəngilan, 2 avqust, AZƏRTAC
On doqquz yaşım var və Fransadan gəlmişəm. İlk dəfədir Qarabağda və Şərqi Zəngəzurdayam, həmçinin bu düşərgədə ilk dəfə iştirak edirəm.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Zəngilanda keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsinə Fransadan qatılan Şəhla Ələsgərli söyləyib.
Zəngilana və Laçına daxil olarkən çox emosional anlar yaşadığını deyən Ş.Ələsgərli bildirib: “Çünki anam əslən zəngilanlıdır, onlar vaxtilə məcburi köçkün olublar”.
Azərbaycan reallıqlarının xaricdə təbliği istiqamətində əldə etdiyi məlumatları və gördüklərini yaşadığı ölkəyə qayıtdıqdan sonra paylaşacağını deyən düşərgə iştirakçısı qeyd edib: “Xaricdə yaşayan azərbaycanlılarla bu mövzular barədə daim danışırıq. Lakin düşərgədən sonra gördüklərimizi və öyrəndiklərimizi daha geniş şəkildə çatdırmağa çalışacağıq. Biz hər şeyi öz gözlərimizlə görürük və şahid oluruq ki, burada görülən işlər çox yüksək səviyyədədir”.