Yay Düşərgəsinin özbəkistanlı iştirakçısı: Düşərgənin çox uğurlu keçəcəyinə inanıram VİDEO
Zəngilan, 2 avqust, AZƏRTAC
Qardaş ölkə Azərbaycanda olmaqdan böyük xoşbəxtlik və qürur duyuram. Azərbaycana ilk addımımı atanda özümü xarici ölkədə hiss etmədim. Əksinə, elə bil öz evimdəyəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Zəngilanda keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsinin özbəkistanlı iştirakçısı Avazbek Erqaşev söyləyib.
O, Bakıya enən kimi ilk olaraq hava limanında, daha sonra isə hotelə gedərkən şəhərin səliqə-sahmanına diqqət yetirdiyini bildirərək deyib: “Hər yer çox təmiz idi. Bu, məni həqiqətən heyran etdi və çox sevindirdi.
Dünən isə Laçına gəldik. Burada da hər şey çox gözəl və möhtəşəm idi. Gördüklərimiz bizdə çox xoş təəssüratlar yaratdı. Bu yay düşərgəsinin də çox uğurlu keçəcəyinə inanıram”.
Dünyanın dörd bir yanından gələn azərbaycanlı qardaş və bacılarla, gənclərlə tanış olacağını, yeni dostluqlar quracağını bildirən A. Erqaşev qeyd edib: “Əslində, Azərbaycan və özbək xalqları eyni kökdən gələn, ortaq dinə, tarixə, dilə və mədəniyyətə malik qardaş xalqlardır. Arzum budur ki, Azərbaycan ilə Özbəkistan arasındakı dostluq və qardaşlıq münasibətləri daim möhkəm olsun”.