Yaz allergiyası və onun əlamətləri
Bakı, 23 aprel, AZƏRTAC
Yaz fəsli gələndə allergiyası olanlar bəzi narahatlıqlarla üzləşirlər. Ağacların çiçək açması nəticəsində havada uçuşan toz hissəcikləri allergiyaya səbəb olur. Tozlanma havaya yayıldıqca ağız, burun və göz vasitəsilə ciyərlərə qıcıqlandırıcı təsir göstərir. Lakin allergiyalar təkcə tozlanma ilə əlaqədar olmur.
AZƏRTAC xəbər verir ki, həkim-pediatr İradə Səfərova deyib: “Allergiya dedikdə orqanizmin müəyyən maddələrə qarşı qeyri-adekvat və arzuolunmaz bir sıra əlamətləri nəzərdə tutulur. Bura genetik faktorlar da aiddir. Ailə üzvlərindən birində və yaxud hər ikisində, yaxın qohumlarda allergik xəstəliklərin olması, tərkibində allergik maddələr olan məhsullarla qidalanmaq yazqabağı qidaların tərkibində vitaminlərin tükənməsi, Günəş şüalarının olmaması nəticəsində lazımi qədər D vitamini almamaq və immun sisteminin zəifləməsi həmin dövrdə allergik xəstəliklərin meydana çıxmasına səbəb olur”.
Allergik xəstəliklər bəzən yüngül, bəzən isə ağır və orta ağır formada olur. Həkim-pediatrın dediyinə görə, dəridə qaşınma, tez-tez asqırma, burun, göz axıntıları, gözlərdə yaşarma, qızartı, burunda tıxanıqlıq, öskürək halları yaz allergiyasının əsas əlamətləridir: “Həmin əlaməti olanlar tozlanma dövründə açıq havaya çıxmamağa çalışmalı, allergiya verən komponentlərlə təmasdan mümkün qədər uzaq durmağa çalışmalıdırlar. Onlar küçədən evə gələn kimi dərhal üst geyimlərini dəyişməli, dərhal duş qəbul etməlidirlər. Allergiya xəstələrinin yaşadığı mənzildə gündə iki-üç dəfə yaş dəsmalla təmizlik işləri aparılmalıdır. Otaqda temperatur 22 dərəcədən yüksək olmamalıdır. Dibçək bitkilərindən uzaq olmaq lazımdır”.