Yazıçı-hüquqşünas Əlisəfa Azayevin 75 illiyi qeyd edilib
Bakı, 23 sentyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında yazıçı-hüquqşünas Əlisəfa Azayevin 75 illik yubileyi münasibətilə tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Tədbiri açan Aran regional filialının müdiri dosent Yaqut Bahadurqızı Azərbaycan ədəbiyyatında Əlisəfa Azayevin özünəməxsus yeri olduğunu vurğulayaraq, onun zəngin yaradıcılığından, hüquqşünas kimi səmərəli fəaliyyətindən və milli-mənəvi dəyərlərin təbliğinə verdiyi töhfələrdən bəhs edib. O, eyni zamanda, Ə.Azayevin əsərlərinin süjet xətti, ideyası, personajları haqqında fikirlər söyləyib.
Digər çıxışlarda Əlisəfa Azayevin həyat yolu, ədəbi irsi və yaradıcılığının əsas xüsusiyyətlərindən bəhs olunub və yazıçının əsərlərində mənəvi dəyərlərin, vətənpərvərlik duyğularının, humanist ideyaların geniş əks olunduğu qeyd edilib, onun Azərbaycan ədəbiyyatına və hüquq elminə verdiyi töhfələr yüksək qiymətləndirilib.
Tədbirdə yazıçının həyat və fəaliyyətini əks etdirən slayd və videolardan parçalar da nümayiş etdirilib, bədii yaradıcılığından nümunələr səsləndirilib.
Həmçinin müəllifin kitablarından ibarət sərgi nümayiş etdirilib.
Əlisəfa Azayevə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə fəal əməkdaşlığına görə və 75 illik yubileyi münasibətilə fəxri fərman təqdim olunub.