YAZIÇILAR BİRLİYİNDƏ HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyində ulu ondərimiz Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək, Heydər Əliyevin əziz xatirəsini yad etmiş, məzarı önunə əklil və çiçək dəstələri qoymuşlar.
Ulu öndərimizi ədəbiyyatımızın, sənətimizin böyük dostu adlandıran Birliyin sədri, xalq yazıçısı Anar onun hakimiyyətdə olduğu bütün illərdə ədəbiyyat və sənət adamlarına yüksək diqqət və qayğı göstərdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu dahi şəxsiyyət sovet dövründə yaşından asılı olmayaraq, təqib və hücumlara məruz qalan yazıçı və şairlərimizin müdafiə olunmasında fədakar xidmətlər göstərmişdir. Azərbaycanın müstəqillik dövründə isə yazıçılarımızın güzəranını yaxşılaşdırmaq üçün təqaüdlər, mükafatlar təyin etmiş, fəxri adlara layiq görmüşdür.
Xalq şairləri, Milli Məclisin deputatı Vaqif Səmədoğlu, Yazıçılar birliyinin birinci katibi Fikrət Qoca, şair Fikrət Sadıq, qurumun məsul katibi Nazım İbrahimov, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalı tədbirdə çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin işıqlı xatirəsi ilə bağlı fikirlərini bölüşmüşlər. Natiqlər vurğulamışlar ki, Heydər Əliyev Azərbaycanda mədəniyyətimizin, söz sənətimizin inkişafı üçün əlindən gələni əsirgəməmişdir. O, istər klassik, istərsə də müasir Azərbaycan ədəbiyyatını, xüsusən də milli poeziyamızı çox gözəl bilirdi. Belə bir fakt xüsusi qeyd olunmuşdur ki, bu böyük insan görkəmli şairlərimizin, xalq şairləri Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Fikrət Qocanın səhhətlərindəki problemlərin aradan qaldırılması üçün diqqət və qayğısını əsirgəməmiş, bütün mümkün vasitələrdən istifadə etmişdir.
Tədbirdə vurğulanmışdır ki, böyük öndərimizin ağlı, zəkası onu sovet dövründə Siyasi Büroya aparıb çıxarmışdır. Bir türk oğlunun heç bir kömək olmadan, dəstək almadan belə mövqeyə yüksəlməsi onun öz bacarığı və yüksək istedadının nəticəsi kimi dəyərləndirilmişdir.
Heydər Əliyevin neçə ildir cismən aramızda olmadığını diqqətə çatdıran yazıçılar bildirmişlər ki, müstəqil Azərbaycanımız onun qoyduğu yolla dayanmadan irəliləyir. Hazırda ulu öndərin siyasi varisi, Prezident İlham Əliyev Heydər Əliyevin idarəçilik ənənələrini şərəflə, ləyaqətlə, uğurla, inamla davam etdirir.