Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı qadınlar şurasının V konfransı keçirilmişdir
Masallı, 26 aprel (AZƏRTAC). Aprelin 26-da Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı qadınlar şurasının V konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Konfransda YAP Masallı rayon təşkilatı qadınlar şurasının sədri Naibə Aslanova hesabat məruzəsi ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının qadınlar şurası öz sıralarını möhkəmləndirilməklə rayonun ictimai-siyasi həyatında fəal iştirak edir. Hazırda onların sayı 2652 nəfərə çatmışdır. Bu göstərici tərkibi 9461 nəfərdən ibarət olan rayon partiya üzvlərinin 28 faizini təşkil edir.
Müzakirələrdə çıxış edənlər son illər ölkəmizdə aparılan quruculuq işlərindən, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Yeni Azərbaycan Partiyasının sədr müavini Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirmişlər.
Konfransda təşkilati məsələlərə baxılmışdır.
YAP Masallı rayon təşkilatı qadınlar şurasının 25 nəfərdən ibarət yeni tərkibi təsdiq edilmişdir.
Gülşən Xəlilova YAP Masallı rayon təşkilatı qadınlar şurasının yeni sədri seçilmişdir.
Tədbirdə, həmçinin YAP Qadınlar Şurasının növbəti konfransına nümayəndələr seçilmişdir.
Konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.