Yeni Azərbaycan Partiyasının yaradılmasının 21 illiyi münasibətilə Ağsuda “dəyirmi masa” keçirilmişdir
Ağsu, 16 noyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının yaradılmasının 21 illiyi münasibətilə Ağsuda partiya fəallarının, ağsaqqalların və gənclərin iştirakı ilə “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirin iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər Parkına gəlmiş, partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin heykəli önünə təzə-tər çiçəklər qoymuş, Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
Heydər Əliyev Mərkəzində təşkil olunan “dəyirmi masa”da YAP Ağsu Rayon Təşkilatının sədri Əli Hüseynov, rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, rayon veteranlar cəmiyyətinin sədri Camaləddin Zeynalov, Muradlı bələdiyyəsinin sədri, qadınlar şurasının üzvü Sehrayə Hümbətova və başqaları çıxış edərək partiyanın 21 ildə keçirdiyi çətin və şərəfli yoldan danışmışlar. Qeyd olunmuşdur ki, ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb, ziddiyyətli axarda cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən aparıcı qüvvəyə çevrilmişdir.
“Dəyirmi masa ”da çıxış edənlər Yeni Azərbaycan Partiyasının şərəfli bir yol keçdiyini diqqətə çatdıraraq, partiyanın sədri, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin düşdüyü bəlalardan xilas olduğunu və dinamik inkişaf yoluna çıxdığını söyləmişlər. Vurğulanmışdır ki, bu gün Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin yetirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında yer almışdır.
Natiqlər növbəti prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin mütləq səs çoxluğu ilə qələbə qazanmasından bəhs edərək, bunu xalqın Heydər Əliyev siyasi xəttinə sadiqliyinin, bu kursu dəstəklədiyinin əyani təzahürü kimi dəyərləndirmişlər.
Çıxışlarda 1993-cü il noyabrın 19-da təsis edilmiş, o vaxt cəmi 188 üzvü olan YAP Ağsu Rayon Təşkilatının bu gün rayonun ictimai-siyasi , sosial-iqtisadi və mədəni həyatında mühüm qüvvəyə çevrildiyi barədə də geniş danışılmışdır. Bildirilmişdir ki, rayon təşkilatı hazırda öz sıralarında 90 ərazi təşkilatını və 4765 partiya üzvünü birləşdirir.
Tədbir iştirakçıları əmin etmişlər ki, YAP Ağsu təşkilatı partiyanın sədri Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcək, Azərbaycanın daha işıqlı və firavan gələcəyi naminə əllərindən gələni əsirgəməyəcəklər.
“Dəyirmi masa”da YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunmuşdur.