SİYASƏT
“Yeni Azərbaycan” qəzetinin yubiley nömrəsi işıq üzü görmüşdür
Bakı, 10 aprel (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi orqanı “Yeni Azərbaycan” qəzetinin 20 yaşı tamam olur. Düz 20 il əvvəl - 1993-cü il aprelin 10-da ilk nömrəsi işıq üzü görən “Yeni Azərbaycan” ötən müddətdə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmiş, ulu öndər Heydər Əliyevin ideyalarının, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasətin mahiyyətinin, həmçinin YAP-ın fəaliyyətinin ölkə ictimaiyyətinə çatdırılmasında ön sıralarda dayanmışdır.
Qəzetin redaksiyasından AZƏRTAC-a bildirmişlər ki, bu məqam “Yeni Azərbaycan”ın 2013-cü il 10 aprel tarixli nömrəsində işıq üzü görmüş yubiley nömrəsində xüsusi olaraq vurğulanmışdır. Yubiley nömrəsində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan mətbuatına dövlət qayğısı siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsindən, eyni zamanda, qəzetin ötən dövrdəki fəaliyyətindən söz açan məqalə, dövlət rəsmilərinin, deputatların, kütləvi informasiya vasitələri rəhbərlərinin və ölkəmizin tanınmış ictimai-siyasi xadimlərinin redaksiya kollektivinə ünvanladıqları təbriklər, həmçinin respublikamızın daxili və xarici siyasətindən bəhs edən yazılar öz əksini tapmışdır.