YENİ ELEKTRİK ENERJİSİ İSTEHSALI MÜƏSSİSƏLƏRİNİN YARADILMASI AZƏRBAYCAN İQTİSADİYYATININ İNKİŞAFINI DAHA DA SÜRƏTLƏNDİRƏCƏKDİR
Azərbaycanın energetika sənayesinin inkişafı üçün ümummilli liderimiz Heydər Əliyevin gördüyü işlərin əhəmiyyətini diqqətə çatdıran E.Pirverdiyev dedi ki, bu sahənin inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlətimizin başçısı elektrik enerjisi istehsal edən yeni müəssisələrin yaradılmasına xüsusi diqqət yetirir.
Rusiyadan alınan elektrik enerjisinin həcminin 2007-ci ildən xeyli azaldılacağını diqqətə çatdıran natiq bildirdi ki, bunun əsas səbəblərindən biri şimal qonşumuzun özündə yaranan enerji qıtlığı və qiymətlərin artması ilə əlaqədardır. Bundan başqa, Azərbaycan elektrik enerjisi istehsalını sürətlə artırdığından idxalı azaltmaqda maraqlıdır. Bu sahədə İranla olan əməkdaşlıq, əsasən, mübadilə şərtləri əsasında davam etdiriləcəkdir.
Elektrik enerjisinin verilməsindəki məhdudiyyətləri enerji haqqının yığımının aşağı səviyyədə olması ilə əlaqələndirən E.Pirverdiyev dedi ki, abonentlər sərf etdikləri enerjinin pulunu vaxtında ödəməlidirlər. Hər bir istehlakçı bilməlidir ki, dövlət elektrik enerjisini maya dəyərindən xeyli aşağı satır.
E.Pirverdiyev demişdir ki, Ordubad rayonu ərazisində Araz çayı üzərində yeni su elektrik stansiyasının tikintisi üçün İran tərəfi ilə razılıq əldə edilib, Mingəçevir Su Elektrik Stansiyasında istismara yararsız turbinin yenidən qurulması və bu müəssisədə digər zəruri işlərin aparılmasından ötrü İslam İnkişaf Bankının rəhbərliyi ilə vəsaitin ayrılması barədə aparılan danışıqlar müsbət nəticələnib, Əli Bayramlıda yeni istilik elektrik stansiyasının tikintisi üçün yer ayrılıb. Elektrik enerjisi istehsal edən yeni müəssisələrin yaradılması Azərbaycan iqtisadiyyatının inkişafı üçün son dərəcə əhəmiyyətlidir. Bütün bu işlər Azərbaycanın gələcəkdə etibarlı enerji təminatının qarantıdır.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.