CƏMİYYƏT
“Yeni klinika”da "Zəfərin fatehləri" adlı tədbir keçirilib
![](/files/galleryphoto/2022/3/1200x630/1667473036601452791_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16674730366111342387_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1667473036888564061_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16674730366273723386_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16674730364812814965_1200x630.jpg)
Bakı, 3 noyabr, AZƏRTAC
"Yeni klinika" tibb müəssisəsində Zəfər Gününə həsr edilən "Zəfərin fatehləri" adlı tədbir keçirilib.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, Vətən müharibəsinin ildönümünə həsr olunan tədbirin məqsədi İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan hərbçiləri, mülki vətəndaşları, həkimləri anmaq, işğaldan azad edilən torpaqların qayıdışını və böyük qələbəmizi qeyd etməkdir.
Tədbirdə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, millət vəkili İlham Məmmədov, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov, Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Vətən müharibəsi qəhrəmanı Zaur Hüseynov, Hərbi Dəniz Qüvvələrinin "Sualtı Hücum" Dəniz Xüsusi Təyinatlılarının zabiti, 3-cü dərəcəli kapitan Babək Şirinov, şəhid ailələri, Vətən müharibəsi qaziləri və klinikanın əməkdaşları iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Yeni klinika” tibb müəssisəsinin direktoru vəzifəsini icra edən, baş həkim Cavid Paşayev Vətən müharibəsində qazanılan zəfərin 2-ci ildönümü münasibətilə hər kəsi təbrik edib.
Cavid Paşayev şəhidlərimizə rəhmət, bütün qazilərə, eləcə də "Yeni klinika" tibb müəssisəsində fəaliyyət göstərən müharibə veteranlarına cansağlığı diləyib.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov isə Böyük Vətən müharibəsi dönəmində 43 tibb müəssisəsini, 720 tibb işçisini əhatə edən 118 briqadanın cəbhə bölgəsində xidmət etdiyini bildirib: “Azərbaycan ordusunun yerləşmə mövqeyinə uyğun olaraq, Şəmkir, Bərdə və Beyləqan istiqaməti üzrə qurulan tibbi təxliyə planına əsasən, yaralılara ümumi olaraq 6 min 50 çarpayı ayrılıb və 24 saat ərzində tibbi xidmət təmin edilib. Həmin dövrdə “Yeni klinika” tibb müəssisəsində çalışan dəyərli məsləkdaşlarımız da böyük fədakarlıqlarla yadda qalıb. Yüzlərlə yaralı hərbçimizin sağlamlıqlarına qovuşması üçün klinikada tibb personalı tərəfindən ciddi əməliyyatlar icra edilib”.
V.Qurbanov Vətən müharibəsindən sonrakı dövrdə də qazi və şəhid ailələrinə xidmət göstərildiyini, Vətən müharibəsi qazilərinin reabilitasiyası üçün ümumilikdə, TƏBİB-in tabeli tibb müəssisələrdən 180 tibbi personalın təhkim olunduğunu vurğulayıb: “Düşünürəm ki, son 2 il ərzində tabeli tibb müəssisələrində qazilərin reabilitasiyası uğurla həyata keçirilib. Ötən dövrdən bu günə qədər 100-dən çox qaziyə xidmət göstərilib. Bununla yanaşı, “YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində ağır yaralanmış 38-ə yaxın qazinin əməliyyatı uğurla icra edilib”.
Digər çıxışçılar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuzun erməni əsarətində olan torpaqlarımızın azad olunması istiqamətində göstərdiyi şücaətdən, tibb personalının fədakarlığından bəhs edib.
Tədbirin bədii hissəsində "Zəfər Günü" filminin təqdimatı keçirilib, musiqi ifaları səslənib, gənc rəssamların rəsm əsərləri nümayiş olunub.