Yeni layihə üzrə bu il 5 minə yaxın uşaq sosial reabilitasiyaya cəlb olunacaq
Bakı, 16 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət sifarişi əsasında icra olunan daha bir layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya xidmətləri göstərilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, "Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili" adlanan layihə üzrə Bakıda və ölkəmizin bölgələrində sosial reabilitasiya mərkəzləri təşkil olunub.
Həmin mərkəzlərdə autizm, Daun sindromlu, eləcə də digər fiziki məhdudiyyətli uşaqlar üçün reabilitasiya xidmətləri həyata keçirilir, habelə bacarıqlarının inkişaf etdirilməsi üçün hər biri ilə fərdi plan əsasında iş aparılır. Məqsəd sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına, onların cəmiyyətə inteqrasiyasında ailələrin bilik və bacarıqlarının inkişafına dəstək verilməsidir.
Yeni layihə üzrə bu il 5 minə yaxın uşağın sosial reabilitasiyaya cəlb olunması nəzərdə tutulub.