Yeni nəşr: “Əlilliyi olan şəxslərin məşğulluğu problemləri”
Bakı, 15 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda Milli Məclisin deputatı, institutun direktoru Aytən Mustafazadənin “Əlilliyi olan şəxslərin məşğulluğu problemləri” kitabı təqdim olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiya əlilliyi olan şəxslərin məşğulluğu və işə düzəldilməsinin aktual problemlərinə həsr olunub. Müəllif monoqrafiyada əlilliyi olan şəxsləri cəmiyyətin sosial strukturunun ayrılmaz tərkib hissəsi, əlilliyi olan şəxslərin məşğulluğu və işə düzəldilməsini isə müasir cəmiyyətin sosial problemlərindən biri kimi xarakterizə edir. Monoqrafiyada əlillərin cəmiyyətə inteqrasiyası ilə bağlı mütərəqqi dünya təcrübəsi, əmək fəaliyyətinə cəlb olunmasının aktuallığı və əhəmiyyəti, əmək qanunvericiliyində əməklərini tənzim edən normalar, peşə reabilitasiyaları və iş yerlərinin kvotalaşdırılması sahəsində inkişaf etmiş xarici ölkələrin qabaqcıl təcrübəsi ilə bağlı məsələlər ətraflı şəkildə araşdırılır, əmək bazarında fiziki qüsurlu şəxslərin qarşılaşdığı əsas problemlərə diqqət çəkilir və onların həlli yolları göstərilir.
Monoqrafiya hüquqşünaslar, ali təhsil müəssisələrinin hüquq fakültələrinin müəllimləri, elmi işçilər, doktorantlar, magistrantlar və tələbələr, habelə əhalinin sosial müdafiəsi məsələləri ilə məşğul olan digər təsisatların əməkdaşları, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi problemləri ilə maraqlananlar üçün nəzərdə tutulub.