İDMAN
Yeniyetmə oğlanlar və qızlar arasında şahmat üzrə turnir keçirilib
Bakı, 27 iyul, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş şahmat turniri keçirilib.
İyulun 27-dək Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Şahmat Məktəbində 26 iyul - Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş 12-14 yaşlı yeniyetmə oğlanlar və qızlar arasında şahmat üzrə turnir keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildiriblər ki, turnirdə 50 şahmatçı İsveçrə sistemi üzrə mübarizə aparıb.
Yarışın yekun nəticəsinə əsasən Ağaməmməd Mirzəyev I, Məryəm Baxışova II, Şahlar Şahlarlı III yeri tutub.
Yarışın bağlanış mərasimində 3 nömrəli şahmat məktəbinin direktoru Cəmil Fətullayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz Vəliyev və yarışın baş hakimi Fidan Talıbova qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.
Təltifolunma mərasimində yarışın qaliblərinə Baş İdarə tərəfindən kubok, diplom və medallar təqdim edilib.