Yeniyetmə və gənc karateçilərimiz dünya çempionatına hazırlıqlarını davam etdirirlər
Bakı, 3 avqust, AZƏRTAC
Oktyabrın 26-30-da Türkiyənin Konya şəhərində yeniyetmə və gənclər arasında keçiriləcək dünya çempionatına komandamızın hazırlıq işləri davam edir.
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə AMKF-nin təlim-məşq bazasında 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında yekun seçim mərhələsi keçirilib. Müxtəlif seçim formatlarından istifadə etməklə ayrı-ayrı yaş qrupları və çəki dərəcələri üzrə fərqlənən karateçilər milli komandanın əsas və əvəzedici heyətində yer alıblar. Federasiyanın prezidenti Yaşar Bəşirov karateçilərin çıxışlarını izləyib.
Avqustun axırında isə 18-21 yaşadək gənclər arasında analoji seçim mərhələsinin təşkil edilməsi planlaşdırılır. Dünya çempionatı ərəfəsində son hazırlıq işləri və yenilənmiş heyətin gücləndirilmiş təlim-məşqləri olacaq.