Yerli özünüidarəetmədə gənclərin rolu daha da artırılmadır
Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən 45 şəhər, qəsəbə və kənd bələdiyyəsinin gənclərdən ibarət təmsilçilərinin iştirakı ilə “Yerli özünüidarəetmədə gənclərin rolu” mövzusunda videokonfrans təşkil edilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasından bildirilib.
Videokonfransda çıxış edən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov və Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov tədbirin əhəmiyyətini və bələdiyyələrin fəaliyyəti zamanı gənc bələdiyyə üzvləri üçün geniş imkanların yaradıldığını vurğulayıblar.
Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov çıxışlarında Prezident İlham Əliyevin respublikamızda apardığı çoxşaxəli gənclər siyasətindən, həmçinin bələdiyyə üzvlərinin qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələrinin gənclər tərəfindən daha səmərəli şəkildə yerinə yetirilməsinin vacibliyindən danışıblar.
Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova və Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Rəvanə Həşimova təmsil olunduqları qurumların fəaliyyəti barədə danışıb, gələcəkdə yerli özünüidarəetmə sahəsində çalışan gənc bələdiyyə üzvlərinin reallaşacaq yeni layihələrdə iştirakları ilə bağlı təkliflərini bildiriblər.
Tədbirdə mövzu üzrə müzakirələr aparılıb, iştirakçıların sualları Milli Məclisin üzvləri, Gənclər Təşkilatlarının və Bələdiyyələrin Milli Assosiasiyalarının nümayəndələri tərəfindən cavablandırılıb.
Bildirilib ki, belə tədbirlər müntəzəm olaraq davam etdiriləcək.