Yevlax rayonunda əhalinin tibbi müayinəsi uğurla davam etdirilir
Yevlax, 28 fevral (AZƏRTAC, Tahir Ağaməmmədov). Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Yevlax rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərifə Məmmədova AZƏRTAC-a demişdir ki, rayonda əhalinin kütləvi dispanserizasiyası üçün hər cür şərait yaradılmışdır. Müayinələr mərkəzi rayon xəstəxanasında, Xaldan kənd sahə xəstəxanasında və Aran kənd həkim məntəqəsində həyata keçirilir. Fevralın 17-dən indiyədək 9 min nəfərdən çox sakin müayinə olunmuşdur. Bu aksiya bir daha göstərir ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasətin əsasında insan amili, vətəndaşların rifah halının yaxşılaşdırılması, təhlükəsizliyinin və sağlamlığının qorunması dayanır.
Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin müavini Niyaz Hüseynov bildirmişdir ki, bütün idarə və müəssisələrdə çalışan insanlar qrafikə əsasən müayinədən keçirlər. Bundan başqa 5 həkim briqadası yerlərdə yataq xəstələrinin və yaşlı insanların müayinəsini aparır. Xəstəlik aşkar olunan sakinlər rayon xəstəxanasında müalicə edilir. 18 xəstə isə müalicə üçün Bakı şəhərinə göndərilmişdir.
Dövlətimizin başçısının əhalinin sağlamlığının qorunması məqsədilə pulsuz tibbi müayinənin təşkili barədə verdiyi tapşırıq Yevlax sakinləri tərəfindən yüksək razılıqla qarşılanmışdır.
Şəhər sakini Xaləddin Niftəliyev həkimlərdən, yaradılan şəraitdən razılıq edərək demişdir: Dövlətimizin başçısının bu təşəbbüsü alqışa layiqdir. Bütün müayinələrdən keçdim. Sağlıq durumum haqqında artıq tam məlumatlıyam.
Yevlax şəhər xəstəxanasında tibbi müayinədən keçən şəhər sakini Yeganə İsayeva: Mən də bu gün həkimlər tərəfindən hərtərəfli müayinə olundum. Mədəmdə xroniki qastrid aşkarlandı və uyğun müalicə kursu təyin edildi. Qayğımıza yüksək səviyyədə qaldığına görə Prezident İlham Əliyevə minnətdarıq.