REGİONLAR
Yevlaxda arpa biçininə başlanılıb
Yevlax, 31 may, AZƏRTAC
Yevlax rayonunda taxılçılıqla məşğul olan fermerlər arpa biçininə başlayıblar.
Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, torpaq mülkiyyətçiləri cari ilin məhsulu üçün 10 min 565 hektarda taxıl, o cümlədən 5779 hektarda buğda, 4786 min hektarda arpa becəriblər. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi sayəsində zəmilərdə bol məhsul yetişib.
Taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı hazırlıq işləri görülüb, texnika saz vəziyyətə gətirilib. Biçin kampaniyasına 30-dək taxılbiçən kombayn, habelə xeyli sayda küləş presləyən, taxıl təmizləyən, nəqliyyat vasitəsi, qoşqu və digər texnika cəlb edilib.
Artıq qısa vaxtda 800 hektarda biçin aparılıb, 2072 ton məhsul əldə olunub. Hər hektarın məhsuldarlığı orta hesabla 25,9 sentnerdir. Ümumilikdə isə mütəxəssislər bu il rayonda 30 min tondan çox taxıl istehsal olunacağını proqnozlaşdırırlar.