Yevlaxda Şəhidlər xiyabanı ziyarət edilib
Yevlax, 8 noyabr, AZƏRTAC
Yevlaxda şanlı Zəfərin beşinci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, regional və digər idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri şəhidlərin məzarları üzərinə və xatirələrinə inşa edilmiş abidənin önünə gül dəstələri düzüblər. Şəhidlərin xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
Şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə söhbət zamanı onları Zəfər Günü münasibətilə təbrik edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, şəhidlərimiz qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Şanlı Zəfər Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasətin nəticəsidir.
Vurğulanıb ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsi dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacaq, illər keçsə də, unudulmayacaq.
Şəhid ailələri, qazilər və müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.