YEVLAXDA TORPAQ MÜLKİYYƏTÇİLƏRİNİN İŞTİRAKI İLƏ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Yevlax şəhərində Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” 2008-ci il 21 avqust tarixli Sərəncamından irəli gələn məsələlərə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Dəyirmi masada fermerlər və digər torpaq mülkiyyətçiləri iştirak etmişlər.
Sərəncamdan irəli gələn məsələlər 2008-ci ilin ilk yarımilində aqrar sahədə görülən işlər barədə məruzə edən şəhər icra hakimiyyəti başçısının müavini Zakir Rzayev rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılması istiqamətində xeyli irəliləyişin olduğunu vurğulamışdır. Bildirmişdir ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət qayğısı nəticəsində birinci yarımildə Yevlax rayonunda 27 min 056 ton taxıl, 4 min 219 ton tərəvəz, 7 min 095,3 ton bostan məhsulları 2 min 025 ton meyvə toplanmış, mal-qaranın baş sayı 74 min 952 başa, qoyun və keçilər 167 min 701 başa, quşların sayı 498 min 655 başa çatdırılmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə taxıl 7 min 587 ton, ət 367,2 ton, süd 19,8 ton, yun 5 ton, yumurta 251 min ədəd çox istehsal edilmişdir.
Dəyirmi masada çıxış edənlər ilin ötən dövründə görülmüş işlər, ölkə başçısının müvafiq Sərəncamından irəli gələn vəzifələr barədə danışmışlar. Bildirilmişdir ki kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət qayğısı gələcəkdə bu sahənin daha sürətli inkişafına zəmin yaradacaqdır.
Tədbirdə kənd təsərrüfatı məhsullarının sərgisi nümayiş olunmuşdur.