Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə onillik başlayır
Bakı, 11 may (AZƏRTAC). Mayın 11-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Dünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə nümayəndəliyi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə onillik (2011-2020-ci illər) fəaliyyətin başlanmasına həsr olunmuş “dəyirmi masa” keçirmişlər.
AZƏRTAC xəbər verir ki, tədbirdə Nəqliyyat Nazirliyi, Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ), qeyri-hökumət təşkilatlarının nümayəndələri və təcili yardım stansiyalarının həkimləri iştirak etmişlər.
İSİM-in şöbə müdiri Tofiq Musayev bildirmişdir ki, 2010-cu il martın 2-də dünya ölkələrinin hökumətləri qarşıdakı onillik ərzində yol hərəkəti təhlükəsizliyi sahəsindəki böhranın həlli üzrə fəaliyyətin genişləndirilməsinə dair tarixi qərar qəbul etmişlər. BMT Baş Assambleyasının bununla bağlı qətnaməsi 90-dan çox ölkə tərəfindən dəstəklənmişdir. Bu, bütün dünyada nəqliyyatın hərəkəti ilə bağlı artmaqda olan ölüm və xəsarət hallarının qarşısını almaqla, insan həyatını xilas etmək məqsədi daşıyır.
İSİM-in direktoru Ceyhun Məmmədov məlumat vermişdir ki, yol-nəqliyyat qəzaları dünyada 10-24 yaşlı insanların əsas ölüm səbəblərindən biridir. Hər il 25 yaşadək 400 min gənc qəza zamanı dünyasını dəyişir. Azərbaycanda 2007-ci ildə yol-nəqliyyat hadisəsi nəticəsində 1107 nəfər həlak olmuş, 3 min 432 nəfər isə zədə almışdır. Yollarda baş verən qəzalar ictimai səhiyyənin diqqətində olan əsas problemlərdən biridir. Çünki qəza nəticəsində baş verən travmatizmin iqtisadi nəticələri uzunmüddətli tibbi yardım xərclərinə, işləyən ailə üzvünün əlillik və ya ölümü ilə bağlı gəlirlərin azalmasına səbəb olur ki, bu da əksər hallarda ailələrin maddi vəziyyətlərinin çətinləşməsinə səbəb olur.
DST-nin Azərbaycan üzrə nümayəndəsi Samir Mehdiyev, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun elmi işlər üzrə direktor müavini Rüstəm Talışınski və başqaları problemlərin həlli üçün təkliflər irəli sürmüşlər. Müzakirələr aparılmışdır.
Tədbir iştirakçılarına DST-nin və BDYPİ-nin rəsmi məlumatları əsasında İSİM-in hazırladığı bukletlər paylanmışdır.