YOSİF ŞAQAL: “BİZ AZƏRBAYCANIN MARAQLARINI FƏAL SURƏTDƏ İRƏLİLƏDİRİK...”
Tanınmış yazıçı və publisist Yosif Şaqal İsrail parlamentinin- Knessetin əslən Azərbaycandan olan yeganə deputatıdır. İsrail-Azərbaycan dialoqunun tənzimlənməsində fəal iştirak edən Y.Şaqal iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsinə layiqli töhfələr verir. O, AZƏRTAC-ın xahişi ilə bəzi suallara cavab vermişdir. -İndi dünyanın bir sıra ölkələrində mövcud olan Azərbaycan diasporu fəal işləyir. Parlamentlər səviyyəsində Azərbaycanla dostluq qruplarının sayı isə ildən-ilə artır. Siz Knessetdə “İsrail-Azərbaycan” parlamentlərarası qrupuna rəhbərlik edirsiniz. Bu qurum kimləri birləşdirir, indiyə qədər nə edə bilmişdir, onun gələcək planları necədir?
-Belə qurumlar beynəlxalq parlament fəaliyyətinin “qeyri-formal diplomatiya” deyilən ən səmərəli və sınaqdan çıxmış formalarından biridir. 2006-cı ilin baharında mən Knessetə seçiləndən dərhal sonra, necə deyərlər, “doğum hüququna” görə, “İsrail-Azərbaycan” parlamentlərarası qrupuna başçılıq etmək imkanı qazandım. Yəqin ki, bu, ədalətli qərar idi: axı mənə qədər İsrailin qanunverici orqanına əslən Azərbaycandan heç kim seçilməmişdi.
Bu qurum barədə nə deyə bilərəm? Məncə onu fəaliyyətini “lobbinq”, Azərbaycan Respublikası ilə əlaqələrin fəal və hərtərəfli dəstəklənməsi, eləcə də iki ölkənin çoxtərəfli yaxınlaşmasına yönəlmiş layihələrin irəlilədilməsinə kömək fəaliyyəti kimi səciyyələndirmək düzgün olardı. Bu qrupa məndən başqa daha 12 deputat daxildir. Müxtəlif partiyaları təmsil edən, müxtəlif ideologiyaların daşıyıcıları olan bu deputatları birləşdirən cəhət onların Azərbaycana, onun tarixinə, ənənələrinə, mədəniyyətinə, etnosuna xeyirxah münasibətləridir.
Prinsipial əhəmiyyətli bir məqamı vurğulamaq istəyirəm: bu müsbət münasibət, ilk növbədə, Azərbaycan xalqının tarixin sınaqlarından çıxmış tolerantlığına, onun yəhudi xalqına, bu xalqın dininə və mədəniyyətinə hörmət, mehriban qonşuluq münasibəti bəsləməsinə əsaslanır.
Əslində, ikitərəfli əməkdaşlıqla bağlı məsələləri fəal surətdə dəstəkləmək üçün “İsrail-Azərbaycan” parlamentlərarası qrupun üzvü olmaq heç də zəruri deyil. Məsələn, keçən il İsrail Dövlətinin qanunverici orqanının tarixində Knessetdə ilk dəfə qeyd edilən Azərbaycan Respublikası gününü Knessetin sədri xanım Daliya İtsik açmışdı.
Ən fəal və nüfuzlu lobbiçilər arasında “İsrail-Azərbaycan” parlamentlərarası qrupunun üzvləri ilə yanaşı, mənim mənsub olduğum “İsrail bizim evimizdir” partiyasının sədri Aviqdor Liberman başda olmaqla, bu partiyanı təmsil edən on nəfər deputat da var.
Bu siyahıya İsrail ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni dialoqun daha da inkişaf etdirilməsinə yönəlmiş hər bir təşəbbüsü fəal dəstəkləyən müxtəlif partiyaların ən azı iyirmi beş deputatını da əlavə edin. Onda özünüz yəqin edərsiniz ki, dünyanın heç bir parlamentində (Türkiyə Cümhuriyyətinin parlamentindən başqa) Azərbaycan bu qədər ciddi dəstəyə malik deyildir.
-Artıq neçə illərdir ki, Azərbaycan elan edilməmiş müharibə şəraitində yaşayır. Münaqişənin həll olunmaması təkcə ciddi regional məsələ deyil, həm də beynəlxalq problemdir. Bütün bunlar Sizin rəhbərlik etdiyiniz parlamentlərarası qrupun fəaliyyətində necə nəzərə alınır? Yadımdadır ki, Siz danışıqlar prosesini ləngidən Ermənistanın təcavüzkar siyasətinə qarşı kifayət qədər kəskin çıxış etmişdiniz...
-İcazə verin, Sizinlə razılaşmayım: mən heç vaxt Ermənistanın istər xarici, istərsə də daxili siyasətinə qiymət verməmişəm. Ona görə yox ki, bu barədə mənim öz mövqeyim yoxdur - həyatımın ilk qırx beş ilini Bakıda yaşamış, iyirmi il respublika kütləvi informasiya vasitələrində işləmiş bir insan kimi mən Cənubi Qafqaz regionunda yaranmış vəziyyətin nə qədər mürəkkəb, ziddiyyətli, bəzən isə sadəcə dramatik olmasını yaxşı başa düşürəm.
Lakin parlamentin deputatı kimi bu barədə yalnız İsrail Dövlətinin prinsipial mövqeyini ifadə etməyi özümə rəva görə bilərəm. Bu mövqe isə ondan ibarətdir ki, İsrail hər hansı beynəlxalq təşkilatların və qurumların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və ədalətli tənzimlənməsinə yönəlmiş fəaliyyətini tamamilə dəstəkləyir. Lakin bir şərtlə - bu sülhyaratma təşəbbüslərində Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsi müzakirə mövzusu olmamalıdır!
Bu mövqe İsrail Dövlətinin rəsmi nümayəndələrinin bəyanatlarında dəfələrlə, o cümlədən 2007-ci ilin payızında o vaxt İsrail baş nazirinin müavini olan A.Libermanla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görüşündə də vurğulanmışdır.
Mənim, siz demişkən, “sərt” çıxışlarıma gəldikdə isə, onlar başqa mövzuya - Knessetdə bəzi həmkarlarımın qondarma “erməni soyqırımı” məsələsinin İsrail qanunvericilik orqanının müzakirəsinə çıxarılması üçün göstərdiyi cəhdlərə aid idi. Mən bu gün də qəti əminəm ki, xalis populist məqsədlərə xidmət edən bu təşəbbüs çox təhlükəlidir və İsrail Dövlətinin strateji və regional mənafelərinə real zərər vura bilər. Tam məsuliyyətlə deyə bilərəm ki, mənim bu məsələyə münasibətimi təkcə əslən Azərbaycandan olanlar deyil, Cənubi Qafqaz regionunda vəziyyətlə yaxından tanış olan israilli siyasi xadimlərin böyük əksəriyyəti fəal surətdə dəstəkləyir. Bunun isə öz məntiqi var.
Məsələ bundadır ki, İsrail özünün müasir tarixində hər hansı “etnik təqiblər” məsələsinin - istər Ukraynadakı “Qolodomar”, istər Ruandadakı etnik təmizləmələr və ya Balkanlardakı milli-dini zəmində qarşıdurmalar məsələsinin müzakirəsindən vaz keçmişdir. Bu, düşünülmüş və ağlabatan mövqeni dəyişməyə heç bir tutarlı səbəb görmürəm...
-Müasir terrorizm həm İsrailə, həm də bu bəlaya qarşı mübarizədə beynəlxalq koalisiyanın işində fəal iştirak edən Azərbaycana yaxşı tanışdır. Dünyada bu istiqamətdə göstərilən böyük səylərə və xeyli vəsait sərf edilməsinə baxmayaraq, elə təsəvvür yaranır ki, vəziyyət daha da gərginləşir. Yəni doğrudanmı bəşəriyyət XXI əsrdə qorxu içində yaşamağa məhkumdur, bəlkə o, Tanrının qəzəbinə gəlib...
-İsrail sakininə bu cür sual vermək ona oxşayır ki, stomatoloqdan XXI əsrdə bəşəriyyətin diş ağrısı ilə yaşamağa məhkum olması barədə fikrini soruşasınız. Mən iyirmi ilə yaxındır ki, İsraildə yaşıyıram. Lakin çox təəssüf ki, bu məsələdə optimist ola bilmirəm. Hərçənd, Allah şahiddir ki, israillilər öz evlərində və onun ətrafında sülh və əmin-amanlıq olmasını planetdə hər hansı başqa xalqdan daha çox istəyirlər. 40 il bundan əvvəl ucuz təbliğat üçün uydurulmuş “İsrailin hərb maşını”, “Təl-Əvivin təcavüzkar fəaliyyət xətti”, “mənfur işğalçılar” qəbilindən olan stereotipləri bir kənara qoyaq. Ömründə bircə dəfə bu diyarda olmuş sağlam düşüncəli hər bir adam çox yaxşı başa düşür: əgər dünyanın iqtisadi və sosial baxımından ən çox inkişaf etmiş dövlətlər arasında indi də "ilk iyirmilikdə" yer tutan İsraildə sülh bərqərar olsaydı, onda yəhudi dövləti bu ölkənin dövlət büdcəsinin az qala 20 faizini (!!) müdafiə və təhlükəsizlik məsələlərinə sərf etmək zərurətindən yaxa qurtarar, bir neçə ildən sonra həqiqətən cənnətə çevrilərdi...
Mən belə deyərdim: beynəlxalq terrorizmin əsas hədəflərinin - Qərbin və Şərqin, Şimalın və Cənubun sivilizasiyalı dövlətlərinin yeni əsrin bu dəhşətli bəlasına qarşı mübarizədə birləşmələrinə məhz onların dini və ideoloji baxışlarındakı fərqlər mane olur və əgər lap yaxın vaxtlarda bu ziddiyyətlər aradan qaldırılmasa, əgər dünya miqyasında bu bəlaya qarşı mübarizənin MEXANİZMİ işlənib hazırlanmasa, biz öz övladlarımıza və nəvələrimizə dəhşətli bir planet miras qoyacağıq. Bu planet qara bayrağının Kalaşnikov avtomatı və plastik partladıcı maddə briketi şəkli çəkilmiş nəhəng pirat gəmisini xatırladacaq...
- Bəs bizim diasporun işləri necədir, onun nə kimi problemləri var? Sözün düzü, Azərbaycan bazarına fəal daxil olan əcnəbi biznesmenlər arasında əslən Bakıdan olan israillilər azdır. Halbuki onlar daha fəal olmalıdırlar...
- Siz çətin sual verdiniz. İsraildə əslən Azərbaycandan olanların diasporu say etibarilə Ukrayna, Rusiya, Özbəkistan, Belarus… icmalarından xeyli geri qalır. Lakin keyfiyyət baxımından bizim icma ən çox nəzərəçarpan icmalardan biridir. Bu, ilk növbədə, əslən Azərbaycandan olan israillilərin təbabət, kütləvi informasiya vasitələri, təhsil və mədəniyyət kimi sahələrdə keyfiyyətli təmsil edilməsi hesabına mümkün olmuşdur... Biznes məsələsinə gəldikdə isə, təəssüf ki, bu sahədə öyünməyə əsasımız yoxdur. Lakin ədalət naminə deməliyəm ki, məhkəmə və maliyyə orqanlarının sərt iş sistemi ilə fərqlənən İsrail demokratiyası bu ölkədə postsovet məkanında sayı sürətlə artmaqda olan “yeni oliqarxlar” yaranmasına ümumiyyətlə imkan vermir. Təkcə bunu demək kifayətdir ki, 70-ci illərin əvvəllərindən, yəni son 35 ildə israilli milyarderlər sırasına keçmiş SSRİ-dən olan yeganə nümayəndə daxil olmuşdur. O da, təssüf ki, Azərbaycandan deyil, Özbəkistandandır. Mən məşhur biznesmen və xeyriyyəçi Lev Levayevi nəzərdə tuturam.
Buna baxmayaraq, ümumi əhaliyə nisbətdə milyonçuların sayına görə dünyada birinci yeri tutan İsraildə Azərbaycan bazarı ilə bağlı geniş layihələrdə iştirak məsələsi çox böyük maraq doğurur. Soruşa bilərsiniz ki, belə olan halda, Azərbaycan iqtisadiyyatının inkişafında İsrail kapitalının daha fəal iştirakına nə mane olur? Cavab verirəm: buna mane olan sovetlər dövründən qalan stereotiplər, Azərbaycan haqqında zəngin informasiyanın olmaması, müasir Azərbaycan demokratiyasına xas olan etnik, dini, sosial və mədəni kodları başa düşməməkdir... Bu baxımdan, “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (Azİz) çərçivəsində birləşmiş Azərbaycan əsillilər icması İsrail kapitalı ilə Azərbaycan iqtisadiyyatı arasında ikitərəfli hərəkətin olduğu etibarlı körpüyə çevrilə bilərdi. Artıq il yarımdır ki, biz (bu halda mən Azİz-i nəzərdə tuturam) İsraildə, Qırmızı dəniz sahilindəki Eylat limanında üçtərəfli “Azərbaycan-Türkiyə-İsrail” iqtisadi forumu təşkil etməyə çalışırıq. Həmin foruma nazirləri, parlament üzvlərini, hər bir ölkənin iri biznes nümayəndələrini dəvət etməyi nəzərdə tuturuq. Təəssüf ki, hələlik bu səylər nəticə vermir. Buna baxmayaraq, mən qarşılıqlı əlaqələrimizin perspektivlərinə ümidlə baxıram.
- Oktyabrın 15-də Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Bununla əlaqədar müəyyən arzularınızı bildirmək istərdinizmi?
- Mən dəfələrlə şahidi olmuşam: kifayət qədər ciddi və nüfuzlu adamlar, böyük siyasətçilər 90-cı illərin əvvəllərində keçmiş sovet məkanında yaranmış dövlətlər haqqında bir-birindən çox fərqli, hətta deyərdim, o qədər nadan mühakimələr yürüdürlər ki, adam mat qalır. Belə hallarda mən düşünürəm: “İlahi! Görəsən bu adamlar ömürlərində bircə dəfə də olsa, orta məktəbin tarix və coğrafiya dərsliklərini vərəqləyiblərmi?!”
Səlahiyyət və nüfuz sahibləri olan bu cür insanların postsovet məkanında yaranmış yeni demokratiyaların tarixi, etnik, dini və mədəni xüsusiyyətlərini ÖYRƏNMƏK istəməməsi Qərbin kütləvi informasiya vasitələrinin ardıcıl olaraq yaratdığı mənfi fonun əsas səbəblərindən biridir.
Azərbaycan demokratiyası hələ çox gənc və kövrəkdir. Hazırda Azərbaycan Respublikasının daxili siyasi həyatında, siyasi qüvvələrin qarşıdumasında, korrupsiyanın kökünün kəsilməsi proseslərində baş verənlər, məhkəmə və icra hakimiyyətinin güclənməsinə, bazar iqtisadiyyatının real rıçaqlarının yaradılmasına yönəlmiş konkret tədbirlər, çox məsələ, təəssüf ki, Azərbaycanın hüdudlarından kənarda heç də həmişə birmənalı qəbul edilmir.
Ona görə də mənim azərbaycanlı dostlarıma və jurnalist həmkarlarıma arzum budur ki, onlar Azərbaycan demokratiyasının mahiyyətini və xüsusiyyətlərini hər gün, hər dəqiqə anlaşıqlı və əsaslandırılmış şəkildə dünyaya izah etsinlər, mövcud problemlər (belə problemlər isə hətta demokratiya baxımından ən çox inkişaf etmiş dövlətlərdə də var) barədə açıq danışsınlar.
Mənim fikrimcə, bu halda, bir tərəfdən, Azərbaycanı zəiflətmək istəyənləri onların hələ də istifadə etdikləri siyasi iftiralar silahından məhrum etmək, digər tərəfdən, qarşıdakı prezident seçkiləri üçün müsbət beynəlxalq fon təmin etmək mümkündür.
######