Yükdaşıma şirkətlərinin vergi və sosial öhdəlikləri necə hesablanır?
Bakı, 27 oktyabr, AZƏRTAC
Yüklərin daşınması xidməti yerli və beynəlxalq daşıma olaraq iki formada həyata keçirilə bilər.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, yerli daşıma ilə bağlı maraq doğuran məsələləri iqtisadçı - ekspert Ziya Nəcəfov şərh edib.
Z.Nəcəfov bildirib ki, “Fərqlənmə nişanı” almış ölkədaxili yükdaşıma fəaliyyəti ilə məşğul olan vergiödəyicilərinin sadələşdirilmiş vergi məbləği Vergi Məcəlləsi ilə tənzimlənir və həmin maddələrin tələblərinə əsasən, yük avtomobilinin yükgötürmə qabiliyyəti hər ton üçün 1 manat təşkil edir: “Burada diqqət edilməli əsas məsələlərdən biri verginin faktiki daşınılan yükün həcminə deyil, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində qeyd edilən yükgötürmə həcminə uyğun hesablanmasıdır. "Fərqlənmə nişanı" almaq üçün vergiödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir”.
Qeyd olunub ki, sosial sığorta məbləği “Sosial sığorta haqqında” Qanunun müvafiq maddəsinə əsasən, minimum əməkhaqqının 6 faizi miqdarında müvafiq əmsallar tətbiq edilməklə hesablanır. İcbari tibbi sığorta məbləği isə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında müəyyənləşdirilib.