SİYASƏT
YUNESKO-DA İNFORMASİYA İLƏ BAĞLI GÖRÜŞ KEÇİRİLMİŞDİR
Professor H.Məmmədov görüşün işi barəsində AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir ki, XX əsrin son on illiyində informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmişdir. Onların təsir dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti təsisatlarını, iqtisadi və sosial sahələri, elm, təhsil və mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə etmişdir.
Yığıncaqda çıxış etmiş Avropa Birliyinin, işgüzar dairələrin, ticarət və elektron palatalarının, özəl bölmələrin nümayəndələri bu məsələlərdən danışdılar. Çıxışlarda milli maraqları nəzərə alan, ədalətli qlobal informasiya cəmiyyətinin yaradılması ilə bağlı məsələlərə də toxunuldu.
Daha sonra yığıncaqda bu ilin dekabr ayının sonlarında Cenevrədə keçiriləcək Ümumdünya sammitində müzakirə olunacaq sənədlərin layihəsi, həmin sənədlər əsasında sessiyalararası mexanizm çərçivəsində yenidən işlənmiş fəaliyyət planının və informasiya
cəmiyyətinin prinsiplərini özündə əks etdirən qətnamənin layihələri ətrafında geniş fikir mübadilələri aparıldı. Sessiyalararası dövrdə görülmüş işlər barədə telekommunikasiya üzrə beynəlxalq direktorun hesabatı dinlənildi və sessiyanın yeni sədri seçildi.
H.Məmmədov xatırlatdı ki, ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə əlaqədar 2003-cü il fevralın 17-də Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə milli strategiya (2003-2012-ci illər)”nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Bu Sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı Nazirlər Kabineti müvafiq qərar qəbul etmişdir. Hazırda bu sahədə işlər görülür.