Yuta Universitetinin professoru ilə geosiyasi məsələlərə dair müzakirələr aparılıb
Bakı, 28 noyabr, AZƏRTAC
Türk Ağsaqqalları Birliyi - TAİB-in mərkəzi ofisində ABŞ-ın nüfuzlu Yuta Universitetinin professoru, siyasi-analitik Hakan Yavuzla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, TAİB-in İdarə Heyəti və Gənclər Təşkilatının üzvlərinin iştirak etdiyi görüşdə Hakan Yavuz ADA Universitetində təşkil olunmuş, “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” beynəlxalq konfransı barədə təəssüratlarını bölüşüb, özünün də çıxış etdiyi bu tədbirin əhəmiyyətindən söz açıb.
Professor müəllifi olduğu “Dağlıq Qarabağ münaqişəsi: Tarixi və siyasi perspektivlər” adlı kitabın əhatə etdiyi mövzu və istiqamətlər barədə danışarkən ermənilərin tarixi faktları saxtalaşdırma siyasətinə dair xeyli nümunələr də göstərib. Diqqətə çatdırılıb ki, indiyədək ermənilərin bütün iddiaları əsassızdır və miflər üzərində qurulub. Hakan Yavuz görüş iştirakçılarının geosiyasi məsələlərə, regionun perspektivlərinə dair suallarını cavablandırıb.
Sonda dünyada məşhur alimə TAİB-in xüsusi plaketi, eləcə də təşkilatın həmsədri Hulusi Kılıçın “44 gün Vətən müharibəsi” və təsisçi Ramin Əhmədovun “Heydər Əliyev və anti-terror siyasəti” adlı kitabları təqdim olunub.
Hakan Yavuz TAİB-in fəaliyyətini yaxından izlədiyini və bu ictimai platforma ilə əməkdaşlığa həmişə hazır olduğunu qeyd edib.