Zamanı aşan söz - Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş elmi-bədii tədbir
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də Azərbaycan Dillər Universitetində (ADU) görkəmli ədib və ictimai xadim, professor Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş “Zamanı aşan söz” adlı elmi-bədii tədbir keçirilib. Görüş Mir Cəlal Paşayevin həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla bugünkü görüşün böyük mənəvi əhəmiyyət daşıdığını bildirib. Mir Cəlal Paşayevin tələbəsi olduğunu xüsusi vurğulayan rektor böyük ədəbiyyatşünas alimlə bağlı xatirələrini bölüşüb. Bildirilib ki, Mir Cəlal Paşayevin istər pedaqoji fəaliyyəti, istərsə də bədii yaradıcılığı və elmi-publisistik dünyagörüşü əsl örnəkdir. Onun ədəbi-elmi irsi bu gün də istər tələbələrin, müəllimlərin, eləcə də bütün ictimaiyyətin bəhrələndiyi diqqətəlayiq mənbədir. Mir Cəlal Paşayev pedaqoji fəaliyyətində olduğu kimi, bədii əsərlərində də şəxsiyyətin formalaşması məsələlərinə, obraz yaradıcılığına xüsusi diqqət verirdi. Ədibin qələmə aldığı bədii nümunələr oxucunun gözü qarşısında real həyat hadisələrini əks etdirməklə yanaşı, onu humanist düşüncələrə, hisslərə kökləyir. Mir Cəlal Paşayevin istər mənalı ömür yolu, istərsə də bədii əsərlərində qoyduğu ideyalar xalqın həyat amalı, devizidir.
Daha sonra Mir Cəlal Paşayevin qızı - Bakı Dövlət Universitetinin Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, professor Ədibə Paşayeva çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə universitet rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib. Mir Cəlal Paşayevin zəngin həyat və yaradıcılıq yolundan danışan natiq bildirib ki, ədib həyatda qazandığı bütün uğurlara yalnız öz zəhməti, iradəsi və istedadı hesabına nail olub. Mir Cəlal Paşayevin həyat fəlsəfəsi, insanlara humanist münasibəti, Vətənə, xalqa bağlılığı övladları üçün örnək olub. Onun övladları, nəvələri bu gün də həmin yolu – Vətənə xidmət yolunu ləyaqətlə davam etdirirlər.
Tədbirdə çıxış edən ADA Universitetinin kommunikasiya və rəqəmsal media ixtisasının müəllimi Şəfəq Mehrəliyeva Mir Cəlal Paşayevin çoxşaxəli elmi və bədii fəaliyyətindən bəhs edərək, onun nəsr yaradıcılığını Azərbaycan ədəbiyyatının inkişafında mühüm mərhələ kimi səciyyələndirib. Bildirilib ki, Azərbaycan dilinin incəliklərinə dərindən bələd olan ədibin zəngin elmi-bədii yaradıcılığı daim elmi ictimaiyyətin, oxucuların diqqət mərkəzində olub. Tanınmış pedaqoq və elm xadimi olan Mir Cəlal Paşayev klassik və müasir ədəbiyyata dair elmi əsərləri, bədii kitabları, pedaqoji fəaliyyəti ilə yeni ədəbi nəslin yetişməsində, yüksəkixtisaslı kadrların formalaşmasında mühüm rol oynayıb.
Daha sonra Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov və ADU-nun magistratura tələbələri çıxış edərək Mir Cəlal Paşayevin zəngin elmi-bədii irsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, ədəbin zəngin yaradıcılıq fəaliyyəti öz bədii-publisistik və elmi mahiyyəti ilə XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümunələrindəndir. Öz aktuallığını müasir dövrdə də qoruyan yazıçının bir-birindən maraqlı hekayələri, roman və povestləri bədii ədəbiyyatımızda özünəməxsus yer tutur.
Tədbir zamanı tələbələrin ifasında mahnılar ifa olunub, Mir Cəlal Paşayevə həsr olunmuş şeir səsləndirilib, ədibin “Bir gəncin manifesti” romanından səhnələşdirilən bir parça nümayiş olunub.