RƏSMİ XRONİKA
ZAQATALA HAVA LİMANININ TƏNTƏNƏLİ AÇILIŞI
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, sentyabrın 19-da Zaqatala hava limanının təntənəli açılış mərasimi olmuşdur.
Mərasimə toplaşan aviatorlar və rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı hərarətli alqışlarla qarşıladılar.
Prezident İlham Əliyev əvvəlcə hava limanı ilə tanış oldu. “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov məlumat verdi ki, hava limanının tikintisinə dövlətimizin başçısının 2006-cı ildə bölgəyə səfərindən sonra başlanmışdır. Zaqatala şəhərindən 5 kilometr cənubda yerləşən hava limanının ümumi sahəsi 70 hektardan çoxdur. Müasir üslubda inşa edilən və ümumi sahəsi 3600 kvadratmetr olan dördmərtəbəli aerovağzal binasının birinci mərtəbəsində gözləmə salonu, sərnişinlərin qəbul otağı, ana və uşaq otağı, konfrans salonu, ikinci mərtəbədə isə inzibati otaqlar yerləşir. Binanın üçüncü mərtəbəsində texniki avadanlıq quraşdırılmışdır. Son mərtəbədə isə uçuşları idarəetmə qülləsi yerləşir. Aerovağzal binası birinci dərəcəlidir və saatda 100-120 sərnişinə xidmət göstərmək imkanı var. Burada sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılmış, 120 nəfər işlə təmin olunmuşdur.
Hava limanının ərazisində nəzarət-buraxılış məntəqəsi, transformator, yardımçı stansiya, yanğınsöndürmə binası, su anbarı, qazanxana və digər tikililər də inşa edilmişdir.
Uçuş-enmə zolağının uzunluğu 2200 metrdir.
Dövlət vəsaiti hesabına inşa edilən Zaqatala hava limanının tikintisini “AZVİRT” MMC və Türkiyənin “ZEMA” şirkətinin inşaatçıları həyata keçirmişlər. Tikinti işlərinin qızğın çağında burada 500-dən çox adam çalışmışdır. Hava limanı Fransada istehsal olunmuş ATR-42 və ATR-72 tipli sərnişin təyyarələrini, habelə kiçik tutumlu “Qolfstrim” təyyarələrini qəbul edəcəkdir. Zərurət yaranarsa, daha iri sərnişin və yük təyyarələrini də qəbul edə biləcəkdir.
Prezident İlham Əliyev aerovağzal binası, nəzarət-buraxılış məntəqəsi ilə tanış oldu, uçuş-enmə zolağına baxdı.
Aeroportun açılışı münasibətilə bir ATR tipli yeni təyyarə hava limanına endi. Dövlətimizin başçısı və xanımı təyyarəyə qalxaraq, onun salonuna baxdılar.
Sonra hava limanının açılışı münasibətilə mərasim keçirildi.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
######