Zaqatala şəhərinin prospekt və küçələrinə asfalt döşənir
Zaqatala, 13 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala şəhərinin mərkəzi küçələrində abadlıq-quruculuq, eləcə də yol-nəqliyyat infrastrukturunun, su-kanalizasiya sistemlərinin, səki və bardürlərin yenilənməsi işləri davam etdirilir. Hazırda şəhərin Heydər Əliyev prospektində yeni asfalt örtüyün döşənməsi işləri aparılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, dövlət büdcəsi vəsaiti hesabına Heydər Əliyev prospekti ilə yanaşı, Nəriman Nərimanov, Həmzət bəy Əfəndiyev, Anar Həmidov və Eldar Ağayev küçələrində də, ümumilikdə, 24 min kvadratmetrdən çox sahəyə asfalt örtüyünün döşənməsi nəzərdə tutulur.
Eyni zamanda, rayon icra hakimiyyəti tərəfindən ayrılmış vəsait hesabına hazırda 16 yaşayış binasının həyətinə, ümumilikdə, 6985 kvadratmetr asfalt örtüyünün döşənməsi işləri davam etdirilir.